Müəllif - Fərid İslamov - Banco.az
Çinli elektromobil istehsalçısı Nio Inc., tədqiqat və inkişaf fəaliyyətləri üçün vəsait toplamaq məqsədilə səhmlər yerləşdirir.
Şirkətin məlumatına görə, Nio investorlar üçün 118,793 milyon ədəd "A" sinif adi səhmlər təklif edəcək.
“Şirkət, səhmlərin satışından əldə olunan vəsaiti ağıllı elektromobil texnologiyaları və yeni məhsullar üzrə tədqiqat və inkişaf işlərinə, həmçinin balansın gücləndirilməsinə və ümumi korporativ məqsədlərə yönəltməyi planlaşdırır,” - deyə məlumatda qeyd olunur.
Reuters-in məlumatına görə, Nio səhmlərin satışı ilə təxminən 3,5 milyard Honq-Konq dolları (450,1 milyon ABŞ dolları) cəlb etməyi planlaşdırır. Şirkət investorlar üçün səhmləri bazar qiymətindən 14% aşağı - 29,46 Honq-Konq dollarına təklif edir.
Nio-nun ABŞ-da ticarət olunan ADR-lərinin (Amerika depozitar qəbzləri) dəyəri cümə axşamı Nyu-Yorkda əvvəlcədən ticarət zamanı 7,6% azalır. Son bir il ərzində onların qiyməti 6,2% enib.