Əhalinin banklardakı əmanətləri azalıb: Səbəblər nələrdir? | Banco.az

Əhalinin banklardakı əmanətləri azalıb: Səbəblər nələrdir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Əhalinin banklarda olan əmanətlərində aylıq müqayisədə azalma qeydə alınıb. Belə ki, avqustun ayının 1-ə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ay ilə müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşüb. Qeyd edək ki, bu ilin fevral ayında da əmanətlərin həcmində aylıq azalma qeydə alınmışdır.

Banco.az xəbər verir ki, bunu iqtisadçı-deputat Vüqar Bayramov əhalinin banklardakı əmanətlərinin azalmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, sistemli əhəmiyyətli banklarda depozit faizlərində azalma davam edir: "Manat üzrə orta depozit faizi müddətli əmanətlər üzrə 6.0 faizədək azalıb. Müddətsiz depozitlərdə isə faizlər sadəcə simvolik xarakter daşıyır. Bu isə əmanət qoyluşlarına təsirsiz ötüşmür".

V. Bayramov qeyd edib ki, Günay Bankın müflisləşməsi də ümumi əmanətlərin həcminə təsir göstərib: "Qeyd edək ki, lisenziyası ləğv olunan zaman sözügdən bankın depozit portfeli 82 milyon 507 min manat idi.

Bütövlükdə, aylıq azalmaya baxmayaraq əmanətlərin həcmi bu ilin yanvar ayı ilə müqayisədə 962 milyon manat artıb. Bu baxımdan, il ərzində aylıq artım tempinin qorunub saxlanması da vacibdir. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan da əhəmiyyətlidir". 

Qeyd edək ki, il ərzində əmanətlərin həcmi aşağıdakı kimi dəyişib:

Aylar

Əmanətlərin həcmi (manat)

Yanvar

11 milyard 928 milyon

Yanvar-fevral

11 milyard 901 milyon

Yanvar-mart

11 milyard 964 milyon

Yanvar-aprel

12 milyard 211 milyon

Yanvar-may

12 milyard 400 milyon

Yanvar-iyun

12 milyard 748 milyon

Yanvar-iyul

12 milyard 705 milyon

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram