Dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri - Siyahı | Banco.az

Dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri - Siyahı

Müəllif:Mehin Qasımova,Banco.az

Numbeo-nun 303 şəhər üzrə hazırladığı həyat keyfiyyəti reytinqində ilk 10 pillənin hamısını Avropa şəhərləri tutub. 

Banco.az xəbər verir ki, reytinqə Niderlandın Haaqa şəhəri 227,7 balla liderlik edib.

İlk 10-luqda Niderlandın 6 şəhərinin yer alması ölkəni siyahıda ən çox təmsil olunan dövlət edib.

Haaqadan sonra Niderlandın Eyndhoven, Rotterdam, Utrext, Qroningen və Amsterdam şəhərləri sıralanıb. İlk 10-luqda Belçikanın Gent, Lüksemburq və Almaniyanın Ştutqart şəhərləri də yer alıb. İsveçin Göteborq şəhəri isə 10-cu pillədə qərarlaşıb.

Şəhərlər hansı meyarlarla qiymətləndirilib?

"Numbeo" reytinqi səkkiz əsas göstərici əsasında hazırlanıb. Qiymətləndirmədə alıcılıq qabiliyyəti, təhlükəsizlik səviyyəsi, səhiyyə, yaşayış xərcləri, mənzil qiymətlərinin gəlirlərə nisbəti, işə gedib-gəlmə müddəti, ətraf mühitin çirklənməsi və iqlim şəraiti nəzərə alınıb.

Məlumata görə, Haaqanın yüksək nəticə göstərməsində şəhərdə alıcılıq qabiliyyətinin və təhlükəsizlik göstəricilərinin yüksək olması, səhiyyə standartlarının yaxşı səviyyədə olması və çirklənmə səviyyəsinin aşağı olması əsas amillərdən olub.

Şəhərdə işə gedib-gəlmək üçün orta hesabla təxminən 20 dəqiqə vaxt sərf edildiyi bildirilir.

Həyat keyfiyyəti üzrə ilk 10 şəhər

  1. Haaqa- Niderland 
  2. Eyndhoven- Niderland
  3. Rotterdam- Niderland
  4. Utrext- Niderland
  5. Gent - Belçika
  6. Lüksemburq - Lüksemburq
  7. Qroningen- Niderland
  8. Ştutqart - Almaniya
  9. Amsterdam - Niderland
  10. Göteborq - İsveç

Qeyd edək ki, "Numbeo" istifadəçi məlumatları və müxtəlif iqtisadi-sosial göstəricilər əsasında şəhərlərlə bağlı indekslər hazırlayan platformadır.