Dünyanın ən böyük aviaşirkətləri – Top 10 | Banco.az

Dünyanın ən böyük aviaşirkətləri – Top 10

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dünyanın ən böyük aviaşirkətləri açıqlanıb. 2026-cı il məlumatlarına əsasən hazırlanan reytinqdə aviaşirkətlər illik gəlirlərinə görə sıralanıb. Məlumatlar 2025-ci ilin III rübündən 2026-cı ilin II rübünədək olan dövrü əhatə edir.

Banco.az xəbər verir ki, ABŞ-nin aviaşirkət bazarında “Big Three” kimi tanınan “Delta”, “United” və “American Airlines” ilk üç pilləni tutur. “Delta”nın illik gəliri 68,3 milyard dollar təşkil edir. 1925-ci ildə yaradılan şirkət eyni zamanda dünyanın bazar dəyəri ən yüksək aviaşirkəti kimi göstərilir.

  1. ​Delta Air Lines - 68,3 milyard dollar
  2. United Airlines - 62,9 milyard dollar
  3. American Airlines - 56,0 milyard dollar
  4. Lufthansa - 47,1 milyard dollar
  5. International Consolidated Airlines Group - 39,1 milyard dollar
  6. Air France-KLM - 36,0 milyard dollar
  7. Southwest Airlines - 28,9 milyard dollar
  8. China Southern Airlines - 25,3 milyard dollar
  9. Air China - 23,6 milyard dollar
  10. China Eastern Airlines - 19,4 milyard dollar

“United Airlines” 62,9 milyard dollar gəlirlə ikinci yerdədir. 1931-ci ildə yaradılan aviaşirkət dünyanın ən böyük hava yolu alyansı olan “Star Alliance”ın təsisçi üzvlərindən biridir. “American Airlines” isə 56 milyard dollar gəlirlə üçüncü pillədə qərarlaşıb.

ABŞ bazarında böyük üçlükdən əlavə, “Southwest Airlines” da 28,9 milyard dollar gəlirlə ilk 10-luqda yer alır. ABŞ aviaşirkətləri 2025-ci ildə 17 milyondan çox uçuş həyata keçirib.

Avropada ən yüksək gəlirə malik aviaşirkət “Lufthansa”dır. Almaniyanın milli aviadaşıyıcısının illik gəliri 47,1 milyard dollar olub. “International Airlines Group” 39,1 milyard dollar, “Air France-KLM” isə 36 milyard dollar gəlirlə onu izləyib. İrlandiyanın “Ryanair” şirkəti isə 18,2 milyard dollar gəlirlə Avropanın əsas aşağıbüdcəli aviaşirkəti kimi reytinqdə yer alıb.

Asiyada ən yüksək gəlirə malik üç aviaşirkət isə Çinə məxsusdur. “China Southern Airlines” 25,3 milyard dollar, “Air China” 23,6 milyard dollar, “China Eastern Airlines” isə 19,4 milyard dollar illik gəlir əldə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram