Şəbnəm İbrahimxəlilova,Banco.az
Biznes dünyasında uğur qazanmaq üçün hər zaman tamamilə yeni məhsul icad etmək tələb olunmur. Bəzən insanların gündəlik istifadə etdiyi adi bir məhsula fərqli yanaşmaq, onun təqdim etdiyi dəyəri düzgün qabartmaq və istehlakçı davranışını dəyişmək kifayət edir. ABŞ mənşəli “Liquid I.V.” brendinin hekayəsi də bunun maraqlı nümunələrindən biridir.
2012-ci ildə kiçik bir startap kimi fəaliyyətə başlayan şirkət elektrolit tozunu gündəlik istehlak məhsuluna çevirməyi bacardı. Sosial media marketinqi, düzgün məhsul mövqeləndirilməsi və geniş distribusiya imkanları sayəsində sürətlə böyüyən brend 2020-ci ildə dünyanın ən böyük istehlak məhsulları şirkətlərindən biri olan Unilever-in portfelinə daxil oldu.
Bu gün “Liquid I.V.” artıq yalnız ABŞ bazarında tanınan məhsul deyil, beynəlxalq miqyasda genişlənən funksional hidratasiya brendidir. Bəs şirkət adi bir məhsuldan necə böyük biznes yaratdı?
İdmançılar üçün nəzərdə tutulan ideyadan böyük biznesə
“Liquid I.V.”nin təməli 2012-ci ildə Brandin Cohen tərəfindən qoyulub. Şirkətin yaranma ideyası təsisçinin idman sektoru ilə bağlı müşahidələrindən irəli gəlib.
Cohen idmançıların fiziki fəaliyyət zamanı itirdikləri maye və elektrolitləri daha effektiv şəkildə bərpa etmək üçün müxtəlif həllər axtardıqlarını müşahidə edirdi. Bu istiqamətdə araşdırmalar aparan təsisçi oral rehidratasiya məhlullarının prinsiplərindən ilhamlanaraq daha rahat istifadə edilə bilən məhsul yaratmağa qərar verdi. Beləliklə, suya əlavə edilən elektrolit tozu konsepsiyası əsasında Liquid I.V. yarandı.
Şirkətin əsas məhsulu olan “Hydration Multiplier” kiçik paketlərdə təqdim edilən tozdur. İstehlakçı paketin içindəkiləri suya əlavə etməklə elektrolitlər və digər qida komponentləri ilə zənginləşdirilmiş içki əldə edə bilir. Əslində, burada mürəkkəb olmayan, lakin biznes baxımından əhəmiyyətli bir yanaşma var idi: şirkət yeni istehlak ehtiyacı yaratmaq əvəzinə, insanların artıq mövcud olan ehtiyacına daha rahat həll təklif edirdi.
Məhsuldan daha çox, yeni istehlak vərdişi yaratmaq
“Liquid I.V.”nin inkişafında mühüm rol oynayan amillərdən biri məhsulun düzgün mövqeləndirilməsi oldu.
İlkin mərhələdə hidratasiya məhsulları əsasən idmançılar və fiziki aktiv həyat tərzi keçirən insanlar üçün nəzərdə tutulurdu. Lakin “Liquid I.V.” bu auditoriya ilə məhdudlaşmaq istəmirdi. Şirkət məhsulunu səyahət edənlərə, gündəlik iş rejimində aktiv olanlara və ümumilikdə hidratasiya məsələsinə diqqət yetirən geniş istehlakçı kütləsinə təqdim etməyə başladı.
Bu yanaşma məhsulun istifadə imkanlarını genişləndirdi. Artıq “Liquid I.V.” yalnız idmandan sonra istifadə olunan əlavə deyil, gündəlik həyatın müxtəlif anlarında istehlak edilə bilən funksional məhsul kimi tanınmağa başladı. Brendin marketinq strategiyasının əsas xüsusiyyəti də məhz bu idi: məhsulun özündən çox, onun gündəlik həyat üçün təqdim etdiyi rahatlıq və funksionallıq ön plana çəkilirdi.
Sosial media marketinqi və influencer strategiyası
“Liquid I.V.”nin sürətli tanınmasında sosial media mühüm rol oynadı. Şirkət ənənəvi reklam yanaşması ilə kifayətlənməyərək məhsulunu insanların həyat tərzi ilə əlaqələndirməyə üstünlük verdi.
İdman, səyahət, sağlamlıq, gündəlik rutinlər və aktiv həyat tərzi ilə bağlı kontentlər brendin kommunikasiya strategiyasının əsas istiqamətlərinə çevrildi. Bununla yanaşı, məşhur şəxslərlə əməkdaşlıq da brendin tanınmasına töhfə verdi. Justin Bieber, Kevin Hart və Kendall Jenner kimi tanınmış simalar şirkətin investorları arasında yer aldı. Bu strategiya “Liquid I.V.”nin yalnız məhsul satan şirkət kimi deyil, müəyyən həyat tərzini təmsil edən brend kimi mövqelənməsinə kömək etdi.
Şirkət istehlakçıya sadəcə elektrolit tozu təklif etmirdi. O, gündəlik hidratasiya vərdişini daha rahat və cəlbedici təqdim etməyə çalışırdı.
Unilever ilə əməkdaşlıq: Böyümənin yeni mərhələsi
“Liquid I.V.”nin biznes tarixində ən mühüm dönüş nöqtəsi 2020-ci ildə baş verdi. Həmin il qlobal istehlak məhsulları nəhəngi Unilever şirkəti “Liquid I.V.”ni satın aldığını elan etdi. Əqdin maliyyə detalları açıqlanmadı. Bu satınalma kiçik startapın inkişafında yeni mərhələnin başlanğıcı oldu.
“Unilever”in beynəlxalq distribusiya şəbəkəsi, pərakəndə satış təcrübəsi və geniş marketinq imkanları “Liquid I.V.”nin daha böyük bazarlara çıxmasına şərait yaratdı. Beləliklə, şirkət artıq yalnız ABŞ bazarında böyüməyi deyil, beynəlxalq miqyasda funksional hidratasiya kateqoriyasını inkişaf etdirməyi hədəflədi.
Bu əməkdaşlığın nəticələri sonrakı illərdə də özünü göstərdi. “Unilever”in 2024-cü il üzrə illik hesabatına əsasən, “Liquid I.V.”nin satışları həmin il 20 faiz artıb və brend yeddi yeni bazara daxil olub.
2026-cı ilin yanvarında Entrepreneur nəşrində yayımlanan materialda isə şirkətin 2020-ci ildən sonrakı dövrdə təxminən 100 milyon dollar gəlir səviyyəsində olan startapdan illik 1 milyard dollarlıq pərakəndə satış həcminə çatan biznesə çevrildiyi qeyd olunub.
Burada bir məqamı fərqləndirmək vacibdir: 1 milyard dollar göstəricisi şirkətin xalis mənfəəti və ya birbaşa gəliri deyil, pərakəndə satış həcmidir. Məhsul çeşidinin genişləndirilməsi və bazar strategiyası
“Liquid I.V.” ilkin məhsulunun uğurundan sonra bazarda mövqeyini qorumaq və yeni istehlakçı qruplarına çatmaq üçün məhsul çeşidini genişləndirdi. Şirkətin portfelinə şəkərsiz hidratasiya məhsulları, enerji dəstəyi, immunitet dəstəyi, uşaqlar üçün nəzərdə tutulan məhsullar və həzm sağlamlığı istiqamətində çeşidlər əlavə edildi. Bununla belə, şirkət əsas fəaliyyət istiqamətindən uzaqlaşmadı. Yeni məhsulların əksəriyyəti hidratasiya konsepsiyası ətrafında formalaşdırıldı.
Bu, biznes baxımından əhəmiyyətli qərar idi. Çünki bir çox sürətlə böyüyən brend yeni bazarlara daxil olmaq və fərqli məhsullar yaratmaq istəyərkən öz əsas mövqeləndirməsini itirə bilir.
“Liquid I.V.” isə məhsul portfelini genişləndirsə də, hidratasiya kateqoriyasındakı mövqeyini qorumağa çalışdı. Unilever-in məlumatına görə, brend ABŞ-da 80 mindən çox pərakəndə satış nöqtəsində təmsil olunur. Beynəlxalq genişlənmə çərçivəsində isə Böyük Britaniya, Avstraliya, Kanada, Çin, Meksika və digər bazarlarda fəaliyyətini genişləndirib.
“2026-cı ildə Liquid I.V.”: Qlobal böyümə davam edir
“Liquid I.V.”nin inkişafı “Unilever” tərəfindən satın alınması ilə yekunlaşmadı. Əksinə, sonrakı illərdə şirkət beynəlxalq bazarlarda genişlənməsini davam etdirdi.
“Unilever”in 2026-cı ildə yayımladığı məlumatda “Liquid I.V.”nin satın alındığı 2020-ci ildən etibarən qlobal miqyasda yeddi dəfədən çox böyüdüyü bildirilir. Şirkətin böyümə strategiyasında məhsul innovasiyası, sosial media üzərindən marketinq, beynəlxalq bazarlara çıxış və böyük idman-musiqi tədbirləri ilə əməkdaşlıq mühüm yer tutur.
Xüsusilə diqqətçəkən məqam funksional hidratasiya məhsullarının yalnız idman kateqoriyası ilə məhdudlaşmamasıdır. “Liquid I.V.” bu məhsulları gündəlik sağlamlıq və rifah konsepsiyası çərçivəsində təqdim etməklə daha geniş istehlakçı auditoriyasına çatmağa çalışır.
