Son dövrlərdə kibertəhlükəsizlik sahəsində qarşılaşdığımız təhdidlər daha da mürəkkəbləşib və qlobal miqyasda yayılmağa başlayıb.
Bunu Dövlət Qurumlarının İT rəhbərlərinin V Zirvə Toplantısında çıxışı zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov deyib.
O bildirib ki, artıq kibercinayətkarlar yalnız dövlət məlumatlarını və ya şəbəkələrini deyil, eyni zamanda daha çox fərdi istifadəçiləri hədəfə alırlar. Belə təhdidlərin qarşısını almaq üçün daha sıx əməkdaşlıq, daha çox təcrübə mübadiləsi və maarifləndirməyə ehtiyac var.
“Yeni təhlükə tendensiyalarına diqqət etsək, müzakirə edilən məsələlər arasında dipfeyk kimi yeni kibertəhlükəsizlik çağırışları, DDOS hücumları, fişinq, sosial mühəndislik və ransomveyer kimi təhdidlər son dərəcə ciddi problem olaraq qalır. Bu kimi hücumlar sadəcə kiçik təşkilatlara deyil, həm də böyük təşkilatlara da öz təsirlərini göstərə bilir. Bütün bunlar göstərir ki, kibertəhlükəsizlik sahəsindəki təhdidlər təkcə texnoloji deyil, həm də sosial və siyasi müstəvidə öz geniş təsirini göstərir”- rəis müavini qeyd edib.
O əlavə edib ki, süni intellekt kibertəhlükəsizlikdə həm böyük imkanlar təqdim edir, həm də yeni risklər yaradır: “Süni intellektin informasiya təhlükəsizliyini təmin etmək üçün istifadə edilməsi, məlumat analitikası, anomaliya aşkarlanması və kiberhücumların erkən mərhələdə aşkar edilməsi kimi sahələrdə böyük irəliləyişlərə səbəb olmuşdur. Lakin süni intellektin həmçinin kiberhücumlarda istifadə olunması riski də mövcuddur. Kiberhücuma məruz qalan şəbəkələrə qarşı süni intellekt ilə həyata keçirilən hücumlar təhlükəsizlik tədbirlərini daha çətinləşdirir və mübarizəni daha da mürəkkəbləşdirir”.
APA