Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin və Sudan 50 milyon dollarlıq borc bağışlama razılaşmasına gəliblər.
Banco.az xəbər verir ki, Sudan ilə Çin arasında Çinin Sudan qarşısındakı təxminən 50 milyon dollar məbləğində faizsiz kredit tələbinin bir hissəsinin silinməsini nəzərdə tutan protokol imzalanıb.
Sudan Maliyyə və İqtisadi Planlaşdırma Nazirliyinin açıqlamasına görə, protokol Port Sudan şəhərində imzalanıb. Protokol çərçivəsində geri ödənilməsi tələb olunan ümumilikdə 344,52 milyon Çin yuanı (50 milyon dollar) məbləğində dörd faizsiz kredit borcu ləğv edilib.
Protokolu Sudan hökuməti adından maliyyə naziri Cibril İbrahim, Çin tərəfi adından isə Çinin Sudandakı səfirliyinin müvəqqəti işlər vəkili Şiu Tsyan imzalayıb.
Tərəflər protokolun imzalandığı tarixdən qüvvəyə minməsi barədə razılığa gəliblər. Borcun silinməsi prosesi ilə bağlı hesabların bağlanması üçün zəruri əməliyyatların Sudan Mərkəzi Bankı və Çin İnkişaf Bankı tərəfindən həyata keçirilməsi qərara alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
