Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Maliyyə dünyası inkişaf etdikcə kriptovalyuta və ənənəvi valyuta arasında fərqlər daha çox sorğulanmağa başlanılır.
Kontekstdən asılı olaraq fərqli üstünlüklər təklif edən hər iki valyuta haqqında Banco.az-a açıqlama verən İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, ekspert Bəhruz Əliyev bildirib ki, rəqəmsal iqtisadiyyatın inkişafı fonunda kriptovalyutalar ənənəvi maliyyə sisteminin alternativi kimi daha geniş populyarlıq qazanıb.
Ekspertin sözlərinə görə, xüsusilə blokçeyn texnologiyasına əsaslanan “Bitcoin” və “Ethereum” kimi rəqəmsal aktivlər, istifadəçilər arasında geniş yayılaraq maliyyə əməliyyatlarında yeni imkanlar yaradıb:
“Bununla belə, kriptovalyutalarla ənənəvi valyutalar arasında bir sıra fundamental fərqlər mövcuddur. Əsas fərqlərdən biri mərkəzləşmə məsələsidir: kriptovalyutalar heç bir mərkəzi idarəetmə orqanına bağlı deyil, blokçeyn texnologiyası üzərində fəaliyyət göstərir, ənənəvi valyutalar isə hökumətlər və mərkəzi banklar tərəfindən idarə olunur. Digər mühüm fərq fiziki mövcudluqdur: kriptovalyutalar tamamilə rəqəmsal şəkildə mövcuddur, ənənəvi valyutalar isə həm rəqəmsal, həm də fiziki formada istifadə edilə bilər. Şəffaflıq və anonimlik məsələsinə gəldikdə isə, kriptovalyutalarda əməliyyatlar blokçeyn üzərində açıq şəkildə görünür, lakin istifadəçilərin şəxsiyyəti anonim qala bilər. Ənənəvi valyutalarda isə əməliyyatlar mərkəzi qurumlar tərəfindən izlənilə bilər və istifadəçilərin şəxsiyyətini müəyyən etmək mümkündür”.
Bəhruz Əliyev bildirib ki, kriptovalyuta bazarının gələcəyi ilə bağlı qeyri-müəyyənlik hələ də qalmaqdadır.
Onun sözlərinə görə, kriptovalyutalar qlobal və sürətli əməliyyat imkanları təqdim etsə də, hüquqi çərçivənin bir qədər məhdud olması və spekulyativ risklər ciddi problemlər yarada bilər.
“Xüsusilə, bəzi fenomenlər tərəfindən yaradılan koinlər əsaslı iqtisadi dəyərə malik olmaya bilər və dəyərini tez itirə bilər.
Bazara çıxarılan miqdar məsələsi də kriptovalyuta və ənənəvi valyutalar arasında mühüm fərqlərdən biridir. Bir çox kriptovalyutanın bazardakı sayı məhduddur, məsələn, Bitcoin-in ümumi sayı 21 milyonla məhdudlaşdırılıb. Halbuki, ənənəvi valyutalar mərkəzi banklar tərəfindən çap edilir və onların dövriyyəsi artırılıb-azaldılaraq tənzimlənir bu da inflyasiya və digər risklər daşıyır”.
Risklər barədə danışan ekspert qeyd edib ki, təhlükəsizlik baxımından kriptovalyutalar blokçeyn texnologiyasına əsaslanaraq yüksək səviyyədə qorunur. İstifadəçi şifrə-açarı itirərsə, bu ona böyük risk yarada bilər.
“Ənənəvi valyutalar isə banklar və dövlətlər tərəfindən qorunur, lakin bank sistemlərinə hücum və kiberfırıldaqçılıq halları mümkündür.
Hüquqi tənzimləmə sahəsində kriptovalyutalar hələ də bir çox ölkədə tam hüquqi çərçivəyə salınmayıb, halbuki ənənəvi valyutalar bütün ölkələrdə qanunlarla tənzimlənir və nəzarət altındadır. Kriptovalyutalar əsasən rəqəmsal ödənişlər, investisiya və smart müqavilələrdə istifadə olunur. Ənənəvi valyutalar isə maaşların ödənilməsi, gündəlik alış-veriş və iqtisadi fəaliyyətlərdə geniş istifadə edilir”.
Bəhruz Əliyevin sözlərinə görə, dünyada baş verən proseslərdən müşahidə etmək mümkündür ki, yaxın gələcəkdə kriptovalyuta bazarında baş verən dəyişikliklər daha aydın görünəcək və bu sahədə yeni hüquqi çərçivələr formalaşacaq:
“Son dövrlərdə sosial mediada populyarlıq qazanan fenomenlər tərəfindən müxtəlif koinlər yaradılır. İqtisadçılar bu cür kriptovalyutaların spekulyativ maliyyə aləti olduğunu və real iqtisadi dəyərinin olmadığını vurğulayırlar. Çünki bu tip koinlər fenomenin məşhurluğuna bağlı olaraq dəyər qazanır və ya itirir. Gələcəkdə iqtisadi və siyasi dəyişikliklər kriptovalyuta bazarına təsir edəcək və onun inkişaf istiqamətini müəyyən edəcək. Hazırkı şəraitdə isə istifadəçilərə tövsiyə olunur ki, etibarlı və riski az olan investisiya sahələrini seçsinlər və hələlik tam təsdiqini tapmayan kriptovalyutalara ehtiyatla yanaşsınlar”, - deyə ekspert vurğulayıb.