Bu sahədə qiymətlərdə azalma olacaq – AÇIQLAMA | Banco.az

Bu sahədə qiymətlərdə azalma olacaq – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən biri də tikinti ilə məşğul olan sahibkarların vergi yükünün azalması ilə bağlıdır. Artıq bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizmi müəyyənləşdi.

Bu barədə açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, yeni qaydalara əsasən, tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclər bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir və faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirilir.

“Bu zaman həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri qeyd edilən qaydada müəyyən edilən həcm nisbətində vergi tutulan gəlirlərə, faktiki çəkilən xərclər isə gəlirdən çıxılan xərclərə aid edilir”.

Onun sözlərinə görə, yeni dəyişlik inşaat şirkətlərinin mənfəət vergisi üzrə yükünün azalmasına imkan verəcək:

Ən sərfəli kredit üçün müraciət et

“Belə ki, gəlirlərə satılan mənzilin müqavilə üzrə tam dəyəri deyil, faktiki göstəricilər daxil ediləcək. Anlaşıqlı olması üçün bu nümunəyə nəzər salaq: mənzilin qiyməti 150 min manatdırsa, işin yerinə yetirilmə həcmi isə 90 min manat olubsa, o zaman 60 min manat gəlir bəyan ediləcək. Yəni bəyan edilən gəlir əvvəllər olduğu kimi 150 min manat deyil, 60 min manat olacaq. Aydındır ki, gəlir nə qədər çox olursa, ödənilən vergi məbləği də o qədər artır. Həmin bəyan edilən gəlirdən faktiki xərc bütövlükdə çıxılacaq. Bu isə inşaat şirkətinin mənfəət üzrə vergi yükünün azalmasına və onun sərəncamında daha çox vəsaitin qalmasına imkan verəcək”.

Millət vəkili qeyd edib ki, yeni dəyişilik xüsusən də inşası tam başa çatmayan mənzillər üzrə vergi yükünün və vergi ödənişlərinin azalmasına gətirib çıxaracaq:

“Bununla yanaşı, inşa edilən binalarda tikintisi başa çatmamış mənzillərdə də qiymətin azalmasına və eləcə də həmin mənzillərin daha optimal qiymətə təklif edilməsinə imkan yarada bilər. Çünki əvvəlki illərdən fərqli olaraq, artıq bu ildən faktiki yerinə yetirilən iş nəzərə alınmaqla vergi hesablanacaq”.