Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Birləşmiş Millətlər Təşkilatının Əhali Bölməsinin məlumatına görə, qlobal ömür uzunluğu 1950-ci ildə 46,5 il ikən, 2000-ci ildə 66 yaşa yüksəlib.
Bu göstəricinin 2050-ci ilə qədər 76 yaşa çatacağı proqnozlaşdırılır. Ömür uzunluğunun artması ilə bir çox ölkələr pensiya yaşlarını yenidən nəzərdən keçirərək dəyişikliklər edirlər.
Banco.az ölkələr üzrə pensiya yaşı sıralamasını təqdim edir:
Fransa:
2023-cü ildə həyata keçirilən pensiya islahatı ilə minimum qanuni pensiya yaşı 62-dən 64-ə qaldırılmışdır. Erkən yaşda işə başlayanlar üçün erkən pensiyaya çıxma qaydaları mövcuddur. Lakin bu islahat ictimai etiraz və iğtişaşlarla qarşılandı.
ABŞ:
- 1943-1954-cü illərdə anadan olanlar üçün pensiya yaşı 66-dır.
- 1955-1960-cı illərdə anadan olanlar üçün pensiya yaşı 66-67 aralığında dəyişir.
- 1960-cı ildən sonra anadan olanlar üçün isə tam pensiya müavinətləri 67 yaşından ödənilir.
Bu göstərici bəzi ölkələrlə müqayisədə yüksək olsa da, 68 yaş pensiya həddi olan Yaponiya və Yeni Zelandiya, 69 yaş həddi olan İndoneziya ilə müqayisədə nisbətən aşağıdır.
İslandiya və Norveç:
Hər iki ölkədə qanuni pensiya yaşı 67-dir. Bu, dünya üzrə ən yüksək pensiya yaşlarından biridir.
Çin:
2024-cü ilin sentyabrında Çin qanuni pensiya yaşlarını artırmaq üçün yeni plan qəbul etdi:
Göy yaxalı qadınlar üçün pensiya yaşı 50-dən 55-ə, ağ yaxalı qadınlar üçün isə 55-dən 58-ə qaldırıldı. Kişilər üçün pensiya yaşı 60-dan 63-ə artırıldı.
Hindistan və Cənubi Koreya:
Bu ölkələrdə pensiya yaşı əsasən 50-nin sonu və 60-ın əvvəli arasında dəyişir.
Şri-Lanka:
Ən aşağı pensiya yaşı 55-dir və bu, dünya üzrə ən aşağı həddir.
Azərbaycan:
Azərbaycanda kişilər üçün pensiya yaşı 65-dir. 1 iyul 2024-cü il tarixindən etibarən qadınlar üçün də pensiya yaşı 64 olacaq.
Qeyd edək ki, dünyada artan ömür uzunluğu ilə bağlı olaraq pensiya yaşlarının artırılması bir çox ölkələr üçün zəruri tədbirə çevrilib. Ölkələrin fərqli pensiya yaşlarına sahib olması onların sosial və iqtisadi vəziyyətlərindən asılıdır.