Bu avtomobil nəhəngi hərbi nəqliyyat vasitələrinin istehsalını qiymətləndirir | Banco.az

Bu avtomobil nəhəngi hərbi nəqliyyat vasitələrinin istehsalını qiymətləndirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Volkswagen” hərbi nəqliyyat vasitələrinin istehsalını qiymətləndirir.

Banco.az xəbər verir ki, alman avtomobil nəhəngi “Volkswagen”in Almaniyanın Osnabrük şəhərində yerləşən zavodunda hərbi nəqliyyat vasitələrinin istehsalı imkanlarının nəzərdən keçirildiyi bildirilir.

Alman mətbuatında yer alan məlumatlara görə, şirkət Osnabrük müəssisəsinin gələcəyini təmin etmək məqsədilə müxtəlif strateji variantları araşdırmağı davam etdirir. Bu çərçivədə zavodun son aylarda müxtəlif nəqliyyat vasitəsi konsepsiyaları hazırladığı və mümkün bazar imkanlarını qiymətləndirmək üçün həmin modelləri “Enforce” müdafiə sərgisində təqdim etdiyi qeyd olunur.

Lakin sözügedən konsepsiyaların konkret layihələrə çevrilib-çevrilməyəcəyi və ya istehsalın hansı miqyasda həyata keçiriləcəyi barədə hələlik dəqiq qərarın verilmədiyi bildirilir.

Almaniyanın Norddeutscher Rundfunk yayım qurumu və Neue Osnabrücker Zeitung qəzetində yer alan məlumatlara əsasən, Volkswagen “Crafter” və “Amarok” modelləri əsasında hazırlanmış iki müxtəlif hərbi nəqliyyat vasitəsi konsepsiyası üzərində çalışır. Həmin prototiplərin isə tamamilə zavodun öz imkanları hesabına hazırlanmış sınaq vasitələri olduğu bildirilib.

Osnabrük zavodunda hazırda “VW T-Roc Cabriolet” modelinin istehsalı davam edir. Bu modelin istehsalının 2027-ci ilin ortalarına qədər davam etdirilməsi planlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram