Brent-in qiyməti bir barreli 73,7 dollara qədər yüksəldi | Banco.az

Brent-in qiyməti bir barreli 73,7 dollara qədər yüksəldi

Müəllif - Fərid İslamov - banco.az

 ABŞ-da ehtiyatların kəskin şəkildə azalması barədə siqnallar fonunda neftin qiymət artımı sürətləndi.

Moskva vaxtı ilə 13:54-də Londondakı ICE Futures birjasında Brent markalı neftin may fyuçersləri 0,68 dollar (0,93%) bahalaşaraq bir barreli 73,7 dollara çatıb. NYMEX birjasında WTI markalı neftin may fyuçersləri isə eyni zamanda 0,67 dollar (0,97%) bahalaşaraq bir barreli 69,67 dollar olub.

Amerika Neft İnstitutu (API) əvvəlki gün bildirmişdi ki, ABŞ-da neft ehtiyatları keçən həftə 4,6 milyon barel azalıb. Əgər bu məlumatlar təsdiqlənsə, bu, noyabr ayından bəri ən böyük azalma olacaq.

ABŞ Energetika Nazirliyi öz məlumatlarını çərşənbə günü daha sonra təqdim edəcək. Trading Economics tərəfindən sorğulanan analitiklər, ehtiyatların 1,5 milyon barel artmasını proqnozlaşdırırlar.

Neftin qiymətlərinə dəstək, həmçinin, Ağ Evin yeni tədbirləri fonunda təklifin kifayətliliyi ilə bağlı şübhələrlə əlaqədardır. 24 mart tarixində ABŞ Prezidenti Donald Tramp, Venesueladan neft və ya qaz alan ölkələrdən idxala 25% gömrük rüsumu tətbiq edəcəyini vəd etmişdi.

Panmure Liberum analitiki Eşli Kelti, ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən təchizatın fiziki bazarda yenidən bölüşdürülməsi nəticəsində vəziyyətin pisləşdiyini qeyd edir. Ekspertin fikrincə, Venesuela nefti alan ölkələr üçün tariflərin tətbiqi ən çox Çinə, Hindistana və Qərbi Avropaya zərbə vuracaq.