İstiqrazlar borc qiymətli kağızları olub, maliyyə vəsaitlərinin cəlb olunması üçün istifadə olunur. İstqiraz emissiya edən tərəflərin əsas məqsədi müxtəlif layihələrin həyata keçirilməsi üçün pul vəsaitinin toplanmasıdır. Emitent qismində hökumət və müxtəlif müəssisələr ola bilər.
Bu qiymətli kağızları əldə etmək istəyən investorların əsas məqsədi isə öz vəsaitlərini doğru yatırım etmək və gəlirlərini artırmaqdır. Belə ki, hər bir istiqraz üçün müəyyən olunmuş dərəcədə faiz (kupon ödəməsi) təklif olunur və bu faizlər müəyyən olunmuş dövrlər ərzində istiqrazın qüvvədən düşmə müddətinə qədər kreditora ödənilir. Faiz dərəcəsi istiqrazın nominal dəyərinə görə hesablanır. Faiz dərəcəsinin yüksək olması investorları cəlb edən ən önəmli amillərdəndir, lakin onu da qeyd edək ki, bu dərəcənin yüksək olması ödənilməmə riskini də artırır.
İstiqrazların müəyyən olunmuş qüvvədən düşmə tarixi vardır, bu tarixə qədər istiqraz sahibləri kupon ödəmələrini, sonda isə istiqrazın nominal dəyərini əldə edirlər. Bəzən isə müddətin sonunda istiqraz sahiblərinə nominal dəyəri ödəmək əvəzinə onlara imtiyazlı səhmlər təklif edirlər. Həmçinin istiqraz sahibləri istiqrazın müddəti bitməmiş bu qiymətli kağızı sata da bilərlər.
İstiqrazlar müddətinə görə ;
- Qısa müddətli (1ildən 5 ilə qədər)
- Orta müddətli (5 ildən 12 ilə qədər)
- Uzun müddətli (12 ildən çox) ola bilər.
Kupon faiz dərəcəsinin ümumi faiz dərəcələrindən yüksək olması bu istiqrazın hazırki bazar dəyərini artırır, aşağı olması isə istiqrazın cəlbediciliyini və dəyərini azaldır.