Müəllif:Mehin Qasımova,Banco.az
Dünyada vacib minerallara artan tələbat qlobal geosiyasi rəqabəti daha da gücləndirir.
Banco.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Siyasi Məsələlər üzrə Baş katibinin müavini Rozmari DiKarlo açıqlama verib.
DiKarlo BMT Təhlükəsizlik Şurasının “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması” mövzusunda keçirilən iclasında çıxış edərək bildirib ki, litium, kobalt və nikel kimi vacib minerallar 21-ci əsr iqtisadiyyatının əsas hərəkətverici qüvvələri sırasındadır. Onun sözlərinə görə, bu minerallar rəqəmsal iqtisadiyyatın və enerji keçidinin əsasını təşkil edən texnologiyaların vacib komponentləridir.
DiKarlo qeyd edib ki, 2023-cü ildə xam və yarımemal olunmuş mineralların qlobal ticarət həcmi təxminən 2,5 trilyon dollara çatıb. Bu isə dünya ticarətinin 10 faizindən çoxunu təşkil edir. Proqnozlara görə, bu sahədə tələbat 2030-cu ilə qədər üç dəfə, 2040-cı ilə qədər isə dörd dəfə arta bilər.
BMT rəsmisi vurğulayıb ki, vacib mineralların hasilatı bəzi regionlarda insan hüquqlarının pozulması və ətraf mühit problemləri ilə müşayiət olunur.
O, kobalt istehsalının 70 faizindən çoxunun həyata keçirildiyi Konqo Demokratik Respublikasını misal gətirərək bildirib ki, bu mineral müasir elektron cihazlarda istifadə olunan batareyaların əsas komponentlərindən biridir.
Sonda BMT rəsmisi bildirib ki, təbii sərvətlər və münaqişələr arasında əlaqə artıq beynəlxalq səviyyədə qəbul olunur və vacib mineral ehtiyatlarının məsuliyyətli şəkildə idarə olunması qlobal sabitlik üçün mühüm əhəmiyyət daşıyır.
