Müəllif:Mehin Qasımova,Banco.az
Qlobal bazarlarda riskdən yayınma meyli fonunda Bitkoin 24 saatda 7,37% ucuzlaşaraq 70 766 dollar səviyyəsinə enib.
Banco.az xəbər verir ki, dünyanın ən böyük kriptovalyutası ötən ilin oktyabrında qeydə alınan zirvə səviyyəsindən bəri dəyərinin 42%-dən çoxunu itirib və eniş trendini davam etdirir. Bu göstərici Donald Trampın yenidən ABŞ prezidenti seçilməsindən sonrakı gün – 6 noyabr 2024-cü ildən bəri ən aşağı səviyyə kimi qeydə alınıb.
ABŞ-da ticarət edilən Bitkoin birja ticarət fondlarına (ETF) vəsait axınları da dəyişkənlik nümayiş etdirib. Bloomberg-in məlumatına görə, bazar ertəsi günü bu fondlara təxminən 562 milyon dollar xalis daxilolma qeydə alınıb. Lakin çərşənbə axşamı investorlar ETF-lərdən 272 milyon dollar vəsait çıxarıblar.
Artan bazar gərginliyi fonunda Bitkoinin “təhlükəsiz sığınacaq” statusu ilə bağlı suallar yenidən gündəmə gəlib. Bitkoin bu il indiyədək təxminən 17% ucuzlaşıb, qlobal kriptovalyuta bazarının ümumi dəyəri isə təkcə son bir həftə ərzində 460 milyard dollardan çox azalıb.
