Bəzi OPEC+ üzvləri aprel ayında hasilatın artırılmasını istəyirlər | Banco.az

Bəzi OPEC+ üzvləri aprel ayında hasilatın artırılmasını istəyirlər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bəzi OPEC+ üzvləri aprel ayında hasilatın artırılmasını istəyirlər.

Banco.az xəbər verir ki, “Bloomberg News” agentliyinin adlarının açıqlanmasını istəməyən bəzi nümayəndələrə istinadən yaydığı xəbərə görə, Səudiyyə Ərəbistanı və Rusiyanın rəhbərlik etdiyi təşkilat 1 martda keçirilməsi planlaşdırılan toplantı ərəfəsində hər hansı fəaliyyət planı barədə qərar qəbul etməyib və rəsmi müzakirələrə başlamayıb. Xəbərdə qeyd olunur ki, nümayəndələrdən biri yekun qərarın ABŞ prezidenti Donald Trampın OPEC üzvü olan İrana qarşı hərbi əməliyyata başlayıb-başlamayacağından və ya İranla nüvə sazişi üzrə razılığa gəlib-gəlməyəcəyindən asılı ola biləcəyini bildirib.

Bir çox aparıcı neft treyderləri qiymətlərin əsas bazarlarda mövcud olan məhdud təklif səbəbindən dəstəkləndiyini vurğulayıblar. Onların fikrincə, artıq neftin böyük hissəsinin Rusiya və İran kimi sanksiyalara məruz qalan istehsalçılardan gəlməsi və bu səbəbdən geniş alıcı dairəsinə çıxa bilməməsi bazarın gözləniləndən daha dayanıqlı olmasına şərait yaradıb.

Brent markalı neftin fyuçers müqavilələri bu il ərzində yüzdə 11 bahalaşıb. Yanvar ayının sonunda Yaxın Şərqdə münaqişənin alovlana biləcəyi ilə bağlı narahatlıqlar fonunda neftin qiyməti bir barel üçün 72 dollara yaxınlaşaraq son altı ayın ən yüksək səviyyəsinə yüksəlmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram