Azərbaycanda elektromobillərə maraq azalıb: Səbəblər açıqlandı | Banco.az

Azərbaycanda elektromobillərə maraq azalıb: Səbəblər açıqlandı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-oktyabr aylarında 1 732 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 10 ayda ölkənin elektromobil idxalının dəyəri isə 52 milyon 82 min dollar olub. 2025-ci ilin yanvar-oktyabr aylarında elektromobil idxalı 2024-cü ilin eyni ayları müqayisədə miqdar baxımından 860 ədəd, dəyər ifadəsində isə 52 milyon 155 min dollar və ya 50% azalıb.

Artıq son bir neçə aydır ki, elektromobil idxalında azalma davam edir. Bunun əsas səbəblərini nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Banco.az-a danışıb.

Onun sözlərinə görə, elektromobilləri ölkə daxilində rahat istismar etmək üçün infrastruktur olmalıdır: “İlk növbədə enerjidoldurma məntəqələri çox olmalıdır. Hazırda enerjidoldurma məntəqələri əsasən Bakı və Abşeronda cəmləşib. Bir sıra şəhərlərdə, rayonlarda belə enerjidoldurma məntəqələri yoxdur. Olan yerlərin bəzilərində də demək olar ki, enerji təminatı olmur. Ona görə bu, insanları bir qədər çəkindirir”.

Ekspert qeyd edib ki, ikinci məsələ isə elektromobillərə lazım olan servis mərkəzlərinin azlığıdır: “Servis mərkəzlərində isə peşəkar, sertifikatlaşdırılmış ustaların sayı da azdır. Həmçinin, ehtiyat hissələrinin çatışmazlığı məsələsi də var. Bu səbəblərə görə, biz müşahidə edirik ki, son aylar ərzində elektromobillərə maraq bir qədər azalıb”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram