Azərbaycanda dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır | Banco.az

Azərbaycanda dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

Azərbaycanda dövlət maliyyəsinin idarə edilməsində şəffaflıq və operativliyin artırılması məqsədilə büdcə, mühasibat uçotu və dövlət satınalmaları üzrə proseslərin rəqəmsallaşdırılması nəzərdə tutulur.

Bu, "Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Bildirilib ki, ölkə Prezidentin "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" 25 avqust 2025-ci il tarixli fərmanında Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid sahələrin, o cümlədən büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının, habelə audit, mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu), dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, dövlət borcu sahələrinin və maliyyə öhdəliklərinin səmərəli idarə edilməsi məqsədilə "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin yaradılması müəyyənləşdirilib.

Həmin Fərmanla dövlət orqanlarının (qurumlarının), dövlət büdcəsindən maliyyə vəsaiti alan dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər təşkilatların maliyyə sənədlərinin elektron qaydada mübadiləsinin təmin edilməsi, həmçinin dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsinin təmin edilməsi və bu müqavilələrin elektron qaydada bağlanılmasını təşkil edilməsi barədə tapşırıqlar müəyyən edilib.

Qeyd olunanlardan irəli gələrək müvafiq qanun layihəsi hazırlanıb. Belə ki, "Büdcə sistemi haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən həmin qanunla müəyyən olunmuş müddətlərdə dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların büdcə təşkilatları tərəfindən müvafiq dövlət orqanına təqdim edilməsi, eləcə də dövlət büdcəsi göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər məlumatların həmin orqan tərəfindən büdcə təşkilatlarına təqdim edilməsi "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi vasitəsilə həyata keçiriləcəkdir. Büdcə prosesi çərçivəsində sənəd dövriyyəsinin elektonlaşdırılması sözügedən sahədə inzibatçılığın azaldılmasına, müvafiq dövlət orqanının iş yükünün optimallaşmasına, büdcənin tərtibi və icrası prosesinin çevikliyinin artırılmasına xidmət edəcək.

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu) sahəsindəki fəaliyyəti də əhatə etdiyindən "Mühasibat uçotu haqqında" qanuna müvafiq dəyişiklik təklif olunur və "e-mühasibat" informasiya sistemi ifadəsi "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi" ifadəsi ilə əvəz olunur.

Hazırda "e-mühasibat" informasiya sistemində mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının yerləşdirilməsi nəzərdə tutulursa, təklif olunan qanun layihəsinə əsasən informasiya sisteminin funksionallığı artırılaraq mühasibat uçotunun aparılmasının, həmçinin maliyyə hesabatlarının (birləşdirilmiş maliyyə hesabatlarının) tərtib və təqdim edilməsinin "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin özündə həyata keçirilməsi təmin ediləcək.

"Dövlət satınalmaları haqqında" qanununa təklif olunan dəyişikliyə əsasən satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat subyektləri arasında satınalma müqavilələrinin ("Dövlət satınalmaları haqqında" qanununun şamil edildiyi satınalmalara dair müqavilələrin, habelə həmin Qanunun 3.2.1-ci, 3.2.4-cü, 3.2.8-ci, 3.4-cü və 3.8-ci maddələrində göstərilən mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin) elektron qaydada –"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi vasitəsilə bağlanılması, həmçinin bu proseslə bağlı bir sıra məsələlərin (aksept bildirişlərinin göndərilməsi, müddətlərin müəyyən olunması, tələb olunan məlumatları informasiya sisteminin portala ötürməsi və s.) tənzimlənməsi təmin ediləcək.