Azərbaycanda biznes ehtiyacları ilə bağlı vahid süni intellekt platforması yaradılır | Banco.az

Azərbaycanda biznes ehtiyacları ilə bağlı vahid süni intellekt platforması yaradılır

Azərbaycanda süni intellekt ekosisteminin inkişafını sürətləndirmək məqsədilə “Datarace.ai” platforması istifadəyə verilir.

Bu barədə  Milli Süni İntellekt Mərkəzindən bildirilib.

Qeyd edilib ki, mərkəz yaxın zamanda Datarace.ai real datasetlər (məlumat topluları), süni intellekt üzrə istedadlar və biznes ehtiyaclarını vahid mühitdə birləşdirən süni intellekt üzrə yarış platformasını istifadəyə verəcək. Platforma “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyası” çərçivəsində icra edilir və ekosistemə üç əsas istiqamətdə dəstək verəcək: real datasetlərə çıxışın genişləndirilməsi, akademik biliklərin praktikada tətbiqinin gücləndirilməsi və istedadların sistemli şəkildə aşkarlanması üçün mexanizmlərin yaradılması.

“Datarace.ai” şirkətlərin biznes problemləri əsasında süni intellekt həllərinin hazırlanması üçün rəqabətli mühit təqdim edəcək. İştirakçılar təqdim olunan məlumatlar üzərində işləyərək müxtəlif həllər hazırlayacaq, bizneslər isə nəticələri müqayisə edib uyğun həlləri və mütəxəssisləri müəyyənləşdirəcək.

Platforma maliyyə, nəqliyyat, energetika, səhiyyə və telekommunikasiya kimi prioritet sahələr üzrə süni intellekt həllərinin tətbiqini genişləndirəcək və ölkənin innovasiya potensialını gücləndirəcək.

APA