Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 105,9 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106,5 %, qeyri-qida məhsulları üzrə 102,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,3 % təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə, bu ilin may ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 106,3 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 107,8 %, qeyri-qida məhsulları üzrə 102,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,3 % olub.
Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 % təşkil edib. O cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 % olub.
Mayda ayrı-ayrı qida məhsullarından daha çox artım mal ətinin, kolbasa məmulatlarının, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, almanın, armudun, kivinin, ağ kələmin, brokkolinin, süfrə çuğundurunun, təbii balın, qəhvənin, kakaonun, azalma isə yumurtanın, bananın, çiyələyin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 % olub. Qeyri-qida mallarından daha çox artım yay geyimlərinin, sementin, məişət cihazlarının, azalma isə kəsilmiş taxtanın, kərpicin və planşet kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Mayda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə aprelə nisbətən 100,2 % təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən tibbi xidmətlərin, restoran və kafelərin göstərdiyi iaşə xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.