Azərbaycan ötən il əmlakların özəlləşdirilməsindən 109 milyon manat qazanıb | Banco.az

Azərbaycan ötən il əmlakların özəlləşdirilməsindən 109 milyon manat qazanıb

2024-cü ildə Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 108,9 milyon manat vəsait daxil olub ki, bu da 2023-cü illə müqayisədə isə 6 % azdır, amma proqnozdan 2,7 % çoxdur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xəbər verir.

Məlumata görə, hesabat dövründə 45 özəlləşdirmə hərracı keçirilib. Hərraclarda 6 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi və 589 nəqliyyat vasitəsi özəlləşdirilib.

Ötən il hərraca çıxarılmış dövlət əmlakı üzrə 402 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 56 onlayn qoşulma reallaşıb.

Dövlət əmlakının özəlləşdirilməsinin mütərəqqi üsullarından biri də investisiya müsabiqəsidir. İl ərzində “Bakı Alüminium Profil” və “Bakı Mərmər Qranit” MMC-lərin dövlətə məxsus payları, uşaq bezi və salfet kağızı istehsalı müəssisənin (əmlak kompleksi kimi) və “Gəncə-Qənnadı” ASC-nin dövlətə məxsus 30 %-lik qalıq səhm zərfi investisiya müsabiqəsinə çıxarılaraq özəlləşdirilib. Sözügedən müsabiqələrin qalibləri tərəfindən götürülmüş öhdəliklərə əsasən, büdcəyə ümumilikdə 28,45 milyon manat vəsait ödənilməsi, müəssisələrə 27,25 milyon manat investisiya yatırılması və 280 iş yerinin yaradılması planlaşdırılır.

Hesabat dövründə investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə ümumilikdə 4,6 milyon manata yaxın vəsait qoyuluşu həyata keçirilib, büdcəyə 3,1 milyon manat ödənilib.