Azərbaycan avtomobil idxalını azaldıb – Tələb yoxdur, yoxsa digər səbəblər var? | Banco.az

Azərbaycan avtomobil idxalını azaldıb – Tələb yoxdur, yoxsa digər səbəblər var?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin yanvar-mart aylarında Azərbaycana 15 351 ədən avtomobil idxal edilib. Ötən ilin eyni dövründə bu göstərici 22 936 ədəd idi. İllik müqayisədə avtomobil idxalında 7 585 ədəd azalma var. Buna səbəb nədir? Əhali avtomobil alışını niyə azaldıb? Avtomobillərə tələb yoxdur, yoxsa digər səbəblər var?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Banco.az-a açıqlamasında bildirib ki, bu, ötən ildən proqnozlaşdırılırdı: 

"Azalamanın əsas səbəbi tələbin azalmasıdır. Tələbin azalmasının da müəyyən səbəbləri var. Məsələn, əvvəllər dövlət ölkəyə idxal olunan ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrini rüsumlardan azad etmişdi. Həmin rüsumlardan azad olma müddəti bitdi. İndi avtomobillər demək olar ki, köhnə qiyməti ilə idxal olunur.

Həmçinin ölkə daxilində kreditlə avtomobillərin alınması şərtləri bir qədər çətinləşdirilib və sərtləşdirilib. Ona görə vətəndaşlar üçün yeni avtomobil almaq o qədər də asan deyil".

Ekspert bildirib ki, eyni zamanda, yaşı 10 ildən çox olan avtomobillərin idxalına da məhdudiyyət qoyulub. Yaşı 7 ildən çox olan avtomobillər idxal olunan zaman onlardan mühərrik həcminə görə alınan aksiz vergisinin də dərəcələri bir qədər yüksəldilib. Bu səbəblərə görə tələb azalıb".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram