Azad edilmiş ərazilərdə verilən güzəştli kreditlərin həcmi açıqlanıb | Banco.az

Azad edilmiş ərazilərdə verilən güzəştli kreditlərin həcmi açıqlanıb

Bu vaxta qədər işğaldan azad edilmiş ərazilərdə sahibkarlar Böyük qayıdış proqramına uyğun olaraq 58 milyon manata yaxın kreditlə təmin olunub.

Bunu  açıqlamasında Azərbaycan Biznesin İnkişafı Fondunun sədrinin müşaviri Namiq Zeynalov deyib.

    N.Zeynalov bildirib ki, bu məbləğin 49 milyon manata yaxın hissəsinə zəmanət verilib:

    “Azad edilmiş ərazilərdə ümumilikdə 45 layihə həyata keçirilib. Perspektivdə layihələrə baxılması nəzərdə tutulub və bu bölgəyə xüsusi maraq var. Sahibkarların bu ərazidə aktivliyi müşahidə olunur. Bizə edilən müraciətlər bunu deməyə əsas verir. Sözügedən ərazilərdə iqtisadiyyatda əsas dəyər yarada bilən və iqtisadi inkişaf prioriteti hesab olunan əsas sahələrə güzəştli kreditlər verilir. Daha çox zəmanətli kreditlər verilib. Sahibkarlar bankların verdiyi kreditlərin 90%-i üçün dövlət zəmanətindən də bəhrələnə bilirlər”.

    O qeyd edib ki, növbəti il üçün Fondun prioritetləri hələ tam müəyyənləşdirilməyib:

    “Hər il yeni sahələr maraqlı olur. Biz akvakultura və balıqçılığın inkişafına da aid ayrıca prioritet nəzərdə tutmuşuq. Eyni zamanda yaradıcı sənaye ayrıca prioritetdir. Bu, xüsusilə də regionlarda yaradıcı sənaye sahəsi ilə məşğul olmaq istəyən sahibkarlara dəstək üçün nəzərdə tutulub. Müraciətlər var və düşünürük ki, növbəti illərdə bu sahəyə maraq daha da artacaq”.

    apa