Avrozonada sənaye istehsalı son 7 ayın ən aşağı səviyyəsinə düşüb | Banco.az

Avrozonada sənaye istehsalı son 7 ayın ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Statistika Bürosu (Avrostat) avqust ayına dair sənaye istehsalı göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki, rəsmi məlumata görə, Avrozonada mövsümi təsirlərdən təmizlənmiş sənaye istehsalı əvvəlki ayla müqayisədə 1,2 faiz azalaraq 97,7 bəndə enib. Avropa İttifaqı (Aİ) üzrə isə istehsal 1 faiz azalaraq 99,3 bəndə düşüb.

Beləliklə, Avrozonada sənaye istehsalı 2025-ci ilin yanvarından bəri ən aşağı səviyyəyə düşüb.

Ötən ay yayımlanan məlumatlara əsasən, Avrozonada iyul ayında sənaye istehsalının aylıq müqayisədə 0,3 faiz artdığı açıqlanmışdı, lakin bu göstərici sonradan 0,5 faizə qədər yuxarıya doğru yenidən hesablanıb.

İllik müqayisəyə əsasən, həm Aİ, həm də Avrozonada sənaye istehsalı 1,1 faiz artım göstərib.

Əsas sənaye qrupları üzrə təhlil edildikdə, Avrozonada ən kəskin aylıq azalma kapital malları (yəni istehsal avadanlıqları) və davamlı istehlak mallarında müşahidə olunub. Yalnız qısamüddətli (davamlı olmayan) istehlak mallarında artım qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram