Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın Hörmüz üzərindən keçən və İran limanlarına yönələn gəmilərə blokada tətbiq edəcəyini açıqlaması Avropada təbii qaz bazarını yenidən hərəkətə gətirib.
Banco.az xəbər verir ki, Avropanın etalon qaz bazarı olan Hollandiya fyuçersləri Amsterdam birjasında meqavat/saat üçün 47,34 avroya qədər yüksəlib. Bu artım regionda enerji təchizatı ilə bağlı narahatlıqların gücləndiyini göstərir.
Qeyd edək ki, ABŞ ilə İran arasında Pakistanda keçirilən sülh danışıqları nəticəsiz başa çatıb. Bu isə qlobal LNG (maye qaz) tədarükünün təxminən 20%-nin risk altında qalması deməkdir.
ABŞ-ın blokada qərarına əsasən, Hörmüz boğazından keçən İran istiqamətli gəmilər dayandırılacaq, digər beynəlxalq daşımalar isə istisna ediləcək. Ekspertlər bildirir ki, bu addım vəziyyəti daha da gərginləşdirə bilər.
Qeyd edək ki, ABŞ və İsrael tərəfindən fevral ayında İrana edilən hücumlardan sonra Avropada qaz qiymətləri təxminən 50% artıb.Sonradan elan olunan atəşkəs qiymətləri qısa müddətə sabitləşdirsə də, hazırkı vəziyyət yenidən artım trendini gücləndirir.
Ekspertlər hesab edir ki, Yaxın Şərqdə gərginliyin davam etməsi qlobal enerji bazarlarında qeyri-sabitliyi artıracaq və xüsusilə Avropanın qış öncəsi ehtiyat toplamaq planlarını çətinləşdirəcək.
