Müəllif:Mehin Qasımova,Banco.az
Asiyada düyü bazarında yenidən qiymət artımı müşahidə olunur.
Banco.az xəbər verir ki, Xüsusilə Vyetnamda ixrac qiymətlərinin son həftələrdə əhəmiyyətli dərəcədə yüksəlməsi, təklifin azalması və El Niño iqlim hadisəsi ilə bağlı istehsal riskləri bazarda bahalaşmanı sürətləndirən əsas amillər hesab edilir.
Sənaye nümayəndələrinin sözlərinə görə, beynəlxalq hava proqnozu təşkilatlarının El Niñonun 2026-cı ilin sonu və 2027-ci ilin əvvəlində yenidən güclənəcəyi ilə bağlı proqnozları həm istehsalçıların, həm də alıcıların bazarda əvvəlcədən mövqe tutmasına səbəb olub.
Bu fonda qlobal düyü fyuçersləri mayın 26-dan bəri ən yüksək səviyyəyə – 13 dollara yaxınlaşıb. Nəticədə, ilin əvvəlindən bəri düyü fyuçerslərinin qiymətində artım 39,2 faizə çatıb.
Ekspertlər bildirirlər ki, El Niño hadisəsinin Hindistan, Tayland, İndoneziya və Avstraliya kimi əsas düyü istehsalçısı ölkələrdə quraqlıq riskini artıracağı gözlənilir. Bu isə yalnız düyü istehsalına deyil, digər kənd təsərrüfatı məhsullarının istehsalına da mənfi təsir göstərə bilər.
Bununla yanaşı, gübrə və yanacaq qiymətlərinin yüksəlməsi də yeni mövsümdə tədarüklə bağlı narahatlıqları artırır və qiymətlərə əlavə təzyiq göstərir.
Qiymətlərə gəlincə, Vyetnamın 5 faiz üyüdülmüş düyüsünün ixrac qiyməti may ayının əvvəli ilə müqayisədə 18 dollar artaraq tonuna 412 dollara yüksəlib.
Hazırda eyni keyfiyyətli düyü Taylandda tonu 480 dollara, Hindistanda isə 350 dollara təklif olunur. Bu qiymət fərqi Vyetnamın beynəlxalq bazarda rəqabət üstünlüyünü qorumasına imkan verir və qlobal alıcılar üçün alternativ təchizat mənbələrinin yenidən formalaşmasına şərait yaradır.
