Müəllif:Mehin Qasımova,Banco.az
Texnologiya nəhəngi Apple mart ayının ilk həftəsində bir neçə yeni məhsul təqdim etməyə hazırlaşır.
Banco.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, şirkət 2–4 mart tarixləri arasında ardıcıl mətbuat açıqlamaları yayımlayaraq yeni cihazlarını ictimaiyyətə təqdim edə bilər.
Apple bu dəfə ənənəvi böyük təqdimat tədbiri əvəzinə elanları əsasən Apple Newsroom vasitəsilə paylaşmağı planlaşdırır. Bununla yanaşı, Apple Experience adlı xüsusi tədbirlər keçiriləcək. Martın 4-də baş tutacaq bu görüşlərdə iştirakçılar yeni cihazları yaxından sınaqdan keçirə biləcəklər.
Məlumatlara görə, təqdim olunacaq məhsullar arasında daha əlverişli qiymətə yeni MacBook modelinin olması ehtimalı yüksəkdir. Bu noutbukun 12,9 düymlük ekrana və daha güclü prosessora sahib olacağı gözlənilir.
Smartfon seqmentində isə yeni iPhone 17 modelinin təqdim olunacağı bildirilir. Cihazın yeniliklərlə gələcəyi ehtimal olunur.
Həftə ərzində təqdim edilə biləcək digər cihazlar arasında iPad Air, yeni iPad modeli, həmçinin yenilənmiş MacBook Air və MacBook Pro versiyaları da var. Bu modellərin daha güclü çiplərlə təchiz olunacağı gözlənilir.
Bildirilir ki, şirkət yeni Studio Display ekranları üzərində də işləyir, lakin onların bu təqdimat dalğasında elan olunması ehtimalı azdır.
