ABŞ-da istehlakçı etimadı indeksi fevralda 2021-ci ildən bəri ən böyük düşüşü yaşadı | Banco.az

ABŞ-da istehlakçı etimadı indeksi fevralda 2021-ci ildən bəri ən böyük düşüşü yaşadı

Müəllif - Eldar Kərimov - Banco.az

ABŞ-da istehlakçı etimadı indeksi fevralda 98,3 bəndə düşüb. Bu barədə göstəricini hesablayan "Conference Board" tədqiqat təşkilatının hesabatında bildirilib.

Yenidən işlənmiş məlumatlara görə, yanvarda indeks 105,3 bənd təşkil edib, halbuki əvvəlcə 104,1 bənd olaraq qeyd edilmişdi. Nəticədə, cari ayda indeksin düşüşü 2021-ci ilin avqustundan bəri ən əhəmiyyətli səviyyədə olub.

"Trading Economics"in məlumatlarına əsasən, ekspertlər orta hesabla indeksin yanvarın ilkin səviyyəsindən 102,5 bəndə enəcəyini gözləyirdilər.

Düşüş ardıcıl üçüncü ay qeydə alınıb. "Conference Board"un baş iqtisadçısı Stefani Qişar bildirib ki, "bu, indeksin 2022-ci ildən bəri üstünlük təşkil edən diapazonun aşağı hissəsinə düşməsinə səbəb olub". "İndeksin beş komponentindən yalnız istehlakçıların cari biznes şəraitinə dair qiymətləndirməsi cüzi də olsa yaxşılaşıb," - deyə o qeyd edib. "Gələcək iş perspektivlərinə dair pessimzm son on ayın maksimumuna çatıb."

Amerikalı istehlakçıların cari maliyyə vəziyyətinə münasibətini əks etdirən altindeks yanvardakı 139,9 bənddən 136,5 bəndə azalıb.

İstehlakçı gözləntilərini göstərən indikator isə 82,2 bənddən 72,9 bəndə düşüb. Bu göstəricinin 80 bənddən aşağı olması çox vaxt iqtisadiyyatda bir il ərzində resessiyanın baş verəcəyinə işarə sayılır. İndeks 2024-cü ilin iyunundan bəri ilk dəfə bu səviyyənin altına enib, hesabatda vurğulanıb.

Amerikalılar hazırda gələcək 12 ayda istehlak qiymətlərinin orta artım tempinin 6% olacağına inanırlar (yanvarda bu rəqəm 5,2% idi).

Respondentlərin yarısından çoxu (51,7%) yaxın bir ildə faiz dərəcələrinin artacağını gözləyir. Faiz dərəcələrinin azalacağını gözləyənlərin payı isə fevralda 27,1%-dən 24%-ə düşüb.

Eyni zamanda, "S&P CoreLogic Case-Shiller" tərəfindən hesablanan ABŞ-ın 20 ən böyük şəhərində mənzil qiymətləri indeksi dekabrda illik ifadədə 4,5% artıb. Ekspertlər orta hesabla 4,4% artım proqnozlaşdırmışdılar.

Bununla yanaşı, indeksin noyabrla müqayisədə dəyəri 0,1% azalıb.