Müəllif: Gülnar Əhmədli, Banco.az
"2026-cı il üçün kriptovalyuta bazarını düşünəndə mənə elə gəlir ki, hər şey daha çox institusional investorların qatılmasına bağlı olacaq. Keçən illərdə gördüyümüz kimi spot ETF-lərin təsdiqi artıq bazarı dəyişdi və 2026-cı ildə bu tendensiya sürətlənəcək".
Bunu kriptovalyuta bazarı üzrə ekspert Orxan Qasımov Banco.az-a 2026-cı ildə kriptovalyutarla bağlı gözləntiləri açıqlayarkən deyib:
"Məsələn, böyük banklar kimi Morgan Stanley və Wells Fargo kimi qurumlar daha aktiv alokkasiya etməyə başlayacaq. Bu da likvidliyi artıracaq və qiymətləri yuxarı çəkəcək. Ümumilikdə, bazarın artım istiqamətində olacağını gözləyirəm – stablecoinlərin həcmi 500 milyard dollara çata bilər, tokenizasiya isə real aktivləri blokçeynə köçürərək yeni imkanlar açacaq. Ancaq bu, əlbəttə, ABŞ-da CLARITY Aktı kimi qanunların qəbulundan asılı olacaq, çünki requlyasiya aydınlığı olmadan investorlar tərəddüd edə bilər".
Ekspert Bitkoin haqqında optimist fikirlər səsləndirib: "Ənənəvi 4 illik halvinq dövrü artıq qırılmağa başlayıb, çünki institusional kapital axını bu ritmi pozur. 2026-nın ilk yarısında bitkoinin yeni rekord qiymətə – bəlkə də əvvəlki maksimumdan yuxarıya çıxacağını düşünürəm. Səbəbi isə sadədir: ETF-lər vasitəsilə daxil olan pullar yeni min edilmiş Bitkoinlərin 100%-dən çoxunu udacaq, bu da qıtlıq yaradacaq. Məsələn, mart ayında 20 milyonuncu bitkoin min ediləcək, və bu, onun nadirliyini bir daha vurğulayacaq. Eyni zamanda, bitkoinin volatilliyi azala bilər – hətta Nvidia kimi texno səhmlərdən daha sabit ola bilər, çünki makro faktorlar, məsələn, dolların zəifləməsi və dövlət borclarının artması onu alternativ aktiv kimi daha cəlbedici edəcək.
Təbii ki, risklər də var. Əgər requlyasiya ləngiyərsə və ya qlobal iqtisadiyyatda problemlər çıxsa, bu proqnozlar dəyişə bilər".
O. Qasımov qeyd edib ki, ümumilikdə, 2026 kripto üçün "institusional era"nın başlanğıcı olacaq və bitkoin bunun önündə gedəcək: "Mən şəxsən bu istiqamətdə investisiya qərarlarımı buna görə formalaşdırıram. Yeni başlayanlar üçün deyim ki, ümumilikdə dünya bazarındakı qəfil hadisələri, həmçinin kriptovalyuta ilə bağlı qərar və tənzimləmələri diqqətlə izləsinlər. Və hər dəfə dediyim kimi bu bazar çox riskli bazardır. Ona görə də ilk növbədə bu sahə ilə bağlı dərin öyrənməyə yatırım etsinlər, həmçinin itirdikdə heyfsilənməyəcəkləri məbləğ ilə yatırım etsinlər".
Bizi sosial şəbəkələrdən izləyin!!
