Müəllif: Gülnar Əhmədli, Banco.az
Kredit götürərkən borcalanın üzərinə düşən öhdəliklərlə yanaşı, zaminin də maliyyə məsuliyyəti yaranır. Bir çox hallarda zaminlik sadəcə formal imza kimi qəbul edilsə də, borcun ödənilməməsi zamanı zamin üçün də ciddi maliyyə nəticələri yarana bilər. Bu səbəblə zamin durarkən hansı məqamlara xüsusi diqqət yetirmək lazımdır?
İqtisadçı Xalid Kərimli Banco.az-a açıqlamasında bildirib ki, zamin olmaq borcalanla eyni öhdəlikləri daşımaq deməkdir:
"Borcalan ödənişi etmədiyi halda isə ödəniş öhdəliyi zaminə yönəldilir. Borcalanın öhdəliyi aradan qalxmır, amma öhdəliyin icrası zaminin də üzərinə düşür.
Ona görə də sual yaranır: Zamin olmaq nə zaman ciddi maliyyə riskinə çevrilə bilər? Borcalan borcu ödəmədikdə və ya ödənişi gecikdirdikdə bu, zamin üçün artıq ciddi maliyyə riskinə çevrilə bilər. Buna görə də zamin olmamışdan əvvəl kimə zamin duracağınızdan əmin olmaq lazımdır.
Hətta zamin durduğunuz borc öhdəliyi sizin müştəri kredit reyestrində, yəni Mərkəzləşdirilmiş Kredit Reyestrində öhdəliyiniz kimi göstərilir. Bu, kifayət qədər əhəmiyyətli məsələdir".

İqtisadçının sözlərinə görə, borcalan borcu ödəmədiyi halda bank və ya digər maliyyə qurumu, yəni borc verən tərəf birbaşa zamindən ödəniş tələb etmək hüququna malikdir: "Zamin də həmin borcu ödəmək məcburiyyətində qala bilər. Yəni borcalanla eyni öhdəlikləri daşıyır.
Zamin borcu ödədikdən sonra isə ödədiyi məbləği borcalandan tələb edə bilər. Yəni kimə zamin durubsa, həmin şəxsdən ödədiyi vəsaiti geri tələb etmək hüququ yaranır. Buna reqres hüququ deyilir. Başqa sözlə, bir şəxsin əvəzinə ödəniş edən zamin sonradan həmin məbləğin borcalandan geri qaytarılmasını tələb edə bilər.
Amma bu, ayrıca bir prosesdir. Borcalan maliyyə qurumuna olan borcunu ödəmədikdən sonra zaminin ödədiyi vəsaiti də geri qaytarmaya bilər. Buna görə də zaminlik məsələsinə kifayət qədər ciddi yanaşmaq lazımdır".
Bizi sosial şəbəkələrdən izləyin!!
