Müəllif: Gülnar Əhmədli, Banco.az
Hər il olduğu kimi bu il də Yeni il tətilini yaddaqalan keçirmək üçün insanlar müxtəlif məkanlara üz tutmaq istəyirlər. Aviareyslərin əvvəlki illərə nisbətən baha olması və bu kimi bir sıra çətinliklər insanların daha çox daxili turizmin imkanlarından istifadə etməsinə şərait yaradıb. Yeni il tətilinə artıq qısa müddət qaldığını nəzərə alan əksər turistlər məhz indidən istirahət üçün məkanları bron edirlər. Əksəriyyəti isə artıq öz tətilini planlaşdırıb. Çünki vaxt azaldıqca qiymətlərdə artım baş verir.
Bu səbəblə region hotellərində qiymətləri araşdırmışdıq. Araşdırdığımız hotellərdə 2 nəfər üçün başlanğıc qiymət 620 manat, maksimal qiymət isə 4 000 manat idi.
Bəs tətili harada keçirmək daha sərfəlidir? Ölkə daxilində, yoxsa xaricdə?
Mövzu ilə bağlı turizm üzrə ekspert Rəhman Quliyev Banco.az-a açıqlama verib.
Ekspertin sözlərinə görə, bəzi lüks hotellərdə paketlərin qiymətləri 1 800-1 980 manat və daha çox ola bilir: “Ucuz paketlər də var, məsələn, bəzi regionlarda 500–600 manat civarında 2 gecəlik tam paket təklif olunur.

Sadə qonaq evləri, dağ və kənd turizmi variantları isə daha da ucuz və sərfəlidir. Standart hotellərin 1 gecəlik qiymətləri digər dönəmlərdə də xeyli aşağıdır”.
R. Quliyev bildirib ki, Azərbaycanın hüdudlarından kənarda populyar və sərfəli istiqamətlər mövcuddur: “Türkiyə, Gürcüstan, Rusiya, Balkan ölkələri kimi vizasız və yaxın uça biləcəyimiz yerlər Yeni il tətilini keçirmək üçün çox sərfəlidir.
Yeni il dönəmində 2 nəfər üçün (5 gecə 6 gün) Dubayda 2 500-2 800 AZN, İstanbulda 2 200-2 500 AZN, Gürcüstanda 1 200-1 600 AZN aralığında dəyişən qiymətlər mövcuddur".
Onu da qeyd edək ki, vətəndaşlarımız Yeni ili daha çox ölkəmizin regionlarında qeyd etməyə üstünlük verirlər. Çünki məsafə azdır, yol xərci isə daha münasibdir. Hazırda hotellərin doluluq səviyyəsi də yüksəkdir. Üz tutulan istiqamətlər isə daha çox şimal, şimal-qərb və cənub bölgələridir.
Bizi sosial şəbəkələrdən izləyin!!
