Yeni pulun Almaniyanın xaricindəki Avropa İttifaqı ölkələrində istifadə olunması gözlənilmir.
Yeni 5 avro dəyərində olan sikkələr Almaniyada dövriyyəyə buraxılıb. ANS PRESS-in “Deutsche Welle” saytına istinadən verdiyi məlumata görə, bir üzündə Almaniya federal dövlətinin rəmzi hesab edilən qartalın olduğu sikkənin digər üzündə dünyanı simvolizə edən mavi dairə, onun içərisində isə Avropa və Afrikaqitələrinin əsas planda göründüyü dünya xəritəsi həkk olunub. Mavi dairə ilə xarici çənbər arasında isə müxtəlif planetlər nəzərə çarpır.
Yeni metal pulun hər hansı saxtakarlıq ehtimalına qarşı xüsusi texnika ilə hazırlandığı bildirilir. Belə ki, 5 avroluq sikkənin xarici çənbəri ilə mərkəzi arasındakı dairəvi hissədə işıq keçirən polimerdən istifadə edilib.
5 avroluq sikkələrdən ilkin mərhələdə 22.5 milyon ədəd (112 milyon 500 min avro) hazırlanaraq dövriyyəyə buraxılıb. Onlardan xüsusi buraxılış olan 250 min ədədi artıq kolleksiyaçılar tərəfindən alınıb.
Almaniyada 1, 2, 5, 10, 20 və 50 sentlə yanaşı 1 və 2 avro dəyərində sikkələr də dövriyyədədir. 5 avroluq sikkənin Almaniyanın xaricindəki Avropa İttifaqı ölkələrində istifadə olunması gözlənilmir.
Bundan əvvəl isə Belçika “Vaterlo” qələbəsinin 200 illiyi münasibəti ilə ötən il dövriyyəyə 2 avro dəyərində xatirə sikkəsi buraxmışdı. Həmin sikkələr “Vaterlo” döyüşünün məğlub tərəfi olan Fransanın hiddətinə səbəb olmuşdu.