Yaxın Şərqdə neft hasilatı kəskin şəkildə azalıb | Banco.az

Yaxın Şərqdə neft hasilatı kəskin şəkildə azalıb

Müəllif:Mehin Qasımova,Banco.az

Hörmüz boğazının bağlanması Yaxın Şərqdə neft hasilatına ciddi təsir göstərib və region ölkələri hasilatı azaltmaq məcburiyyətində qalıb.

Banco.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, bölgədə tədarükün azalması ilə bağlı konkret rəqəmlər açıqlanıb. Ən böyük azalma İraqda qeydə alınıb – ölkə gündəlik neft hasilatını təxminən 2,9 milyon barel azaldıb.

Bundan əlavə, Səudiyyə Ərəbistanı hasilatı gündə 2–2,5 milyon barel, Birləşmiş Ərəb Əmirlikləri 500 min – 800 min barel, Küveyt isə təxminən 500 min barel azaldıb.

Boğazın bağlanması və bəzi istehsal sahələrində yaranan fasilələr nəticəsində bazar ertəsi günü neftin qiyməti 120 dollara qədər yüksəlib. Lakin Donald Trampın müharibənin tezliklə başa çata biləcəyi ilə bağlı açıqlamasından sonra qiymətlər çərşənbə axşamı müəyyən qədər geriləyib.

Dünyanın ən böyük neft şirkəti olan "Saudi Aramco"nun baş direktoru Amin Nasser isə çərşənbə axşamı keçirilən mənfəət konfransında mövcud istehsal səviyyələri ilə bağlı detallı məlumat verməkdən çəkinib.

Ondan çox ölkənin iştirak etdiyi regional münaqişə enerji infrastrukturuna təzyiq göstərməyə davam edərkən, ölkələr neft təchizatını təmin etmək üçün alternativ marşrutlar üzərində işləyirlər.