"Hal-hazırki vəziyyətdə dollardan imtina etmək və dünya neft ticarətində avroya keçid etmək Azərbaycan iqtisadiyyatında köklü dəyişikliyin müşahidə olunması ilə nəticələnməyəcək". Bu barədə "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev məlumat verib.
Xatırladaq ki, Total neft şirkətinin baş direktoru Kristof de Marjerinin sözlərinə görə, dollar neft ticarəti üzrə ödənişlərin həyata keçirildiyi yeganə valyuta deyil. Onun fikrincə, əslində beynəlxalq ticarətdə avroya daha çox önəm verilməlidir.
Total neft şirkətinin baş direktoru belə hesab edir ki, hal-hazırda dünyaca məşhur neft markalarının bir barelinin qiyməti dollarla müəyyənləşdirilsə də, bu, ödənişlərin məhz sözügedən valyuta ilə həyata keçirilməli olduğu mənasına gəlmir.
"Neft üzrə ödənişlərin dollarla həyata keçirilməsi üçün heç bir səbəb yoxdur", deyə Kristof de Marjeri bildirib. Onun fikrincə, dollardan tamamilə imtina etmək mümkün olmasa da, avro daha geniş miqyasda istifadə olunması baxımından dolları geridə qoyacaq.
Bir müddət öncə Fransanın Maliyyə naziri Mişel Sapen bildirmişdi ki, Avrozonaya daxil olan ölkələrin Maliyyə nazirləri 7 iyul tarixində təşkil olunacaq görüşdə avronun beynəlxalq ticarətdə rolunun artırılması istiqamətində müzakirələr aparacaqlar.
Məlumat üçün qeyd edək ki, Rusiya və Çin kimi dövlətlər də dollardan imtina etmək niyyətindədirlər.
Sevinc İbadova/Banco.az