Müəllif:Mehin Qasımova, Banco.az
ABŞ prezidenti Tramp dünən başlayan Yaxın Şərq turnesinin ilk mərhələsi olaraq Səudiyyə Ərəbistanı ilə təxminən 142 milyard dollar dəyərində tarixin ən böyük müdafiə sazişini imzalayıb.
Banco.az xəbər verir ki, razılaşma çərçivəsində Səudiyyə Ərəbistanına Amerika müdafiə şirkətlərindən ən son texnologiyalı döyüş texnikası və xidmətlərinin veriləcəyi açıqlanıb.
Tramp Yaxın Şərq turu çərçivəsində ona lüks jumbo təyyarə hədiyyə etmək istəyən Qətərə getməyə hazırlaşarkən, Vaşinqton və Ər-Riyad arasında müdafiə sazişi həm ABŞ, həm də beynəlxalq mətbuatda geniş işıqlandırılıb .
Qətərdə yerləşən Əl-Cəzirə telekanalı dünən imzalanan razılaşmanın iki ölkə arasında iqtisadi və hərbi əlaqələrin dərinləşdiyinə dəlalət etdiyini şərh edib. Əl-Cəzirə telekanalının məlumatına görə, Trampın səfəri onun diplomatik əlaqələrindən şəxsi maraqları üçün istifadə etməsi ilə bağlı tənqidləri də canlandırıb.
Xəbərdə Qətərin ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) 400 milyon dollar dəyərində təyyarə verməsi təklifinin artıq etik və konstitusion müzakirələrə səbəb olduğu vurğulanıb və Trampın 2017-ci ildə başlayan ilk prezidentlik dövründə ilk böyük xarici səfəri çərçivəsində Səudiyyə Ərəbistanına getdiyi xatırladılıb. Bu səfər zamanı milyard dollarlıq sövdələşmə imzalanıb.