Müəllif:Mehin Qasımova,Banco.az
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri ABŞ-ın maliyyə vəsaitlərinin kəsilməsi səbəbindən kütləvi ixtisarlar elan edib
Banco.az xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom məlumat verib.
"ABŞ-ın 2024 və 2025-ci illər üçün qiymətləndirilmiş töhfələrini ödəməkdən imtina etməsi və bəzi digər ölkələrin rəsmi inkişaf yardımının kəsilməsi o deməkdir ki, biz 2026-2027-ci illər üçün 560 milyon dollardan 650 milyon dollara qədər əmək haqqı çatışmazlığı ilə üzləşmişik", - ÜST rəhbəri deyib.
Yanvarın 21-də ABŞ prezidenti Donald Tramp digər ölkələrlə müqayisədə qeyri-mütənasib şəkildə yüksək töhfə verdiyini əsas gətirərək Birləşmiş Ştatların ÜST-dən çıxarılması barədə sərəncam imzalayıb. Fevralın 3-də Vaşinqton beynəlxalq təşkilatların maliyyələşdirilməsinə xeyli miqdarda vəsait ayıran ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini faktiki olaraq dayandırıb.
Martın 10-da USAİD-in müvəqqəti rəhbəri təyin edilmiş ABŞ dövlət katibi Marko Rubio altı həftəlik araşdırmadan sonra ABŞ hökumətinin agentliyin proqramlarının 83%-ni dayandırdığını elan edib. Onun sözlərinə görə, ləğv edilmiş 5,2 min müqavilə çərçivəsində on milyardlarla dollar ABŞ-ın maraqlarına uyğun deyil, bəzi hallarda isə onun ziyanına xərclənib.