Tramp: Putinlə dizel yanacağı təchizatı ilə bağlı razılığa gəldik | Banco.az

Tramp: Putinlə dizel yanacağı təchizatı ilə bağlı razılığa gəldik

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Rusiyanın ABŞ və dünya bazarlarına milyonlarla ton dizel yanacağı tədarük edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Tramp sosial şəbəkədəki paylaşımında Putinlə görüşünü uğurlu adlandırıb və enerji təchizatı ilə bağlı razılaşmanın təfərrüatlarını açıqlayıb.

Onun sözlərinə görə, razılaşmaya əsasən, Rusiya dərhal 300 min tondan çox dizel yanacağı tədarük etməli, noyabrda daha 500 min ton, sonrakı mərhələdə isə əlavə 1 milyon ton yanacaq göndərməlidir.

Tramp həmçinin Rusiya neft emalı zavodlarının imkanlarından asılı olaraq, yaxın vaxtlarda daha 3 milyon ton dizel yanacağının tədarük edilə biləcəyini bildirib.

ABŞ Prezidenti Hörmüz boğazına nəzarət və Rusiyadan enerji tədarükü ilə bağlı açıqlamalarının dizel yanacağının qiymətlərinə təsir göstərəcəyini iddia edib. Onun fikrincə, bu amillər ABŞ-da və dünya bazarlarında dizel qiymətlərinin sürətlə aşağı düşməsinə səbəb ola bilər.

Tramp qiymətlərin azaldılmasının, xüsusilə amerikalı fermerlər, heyvandarlıq təsərrüfatları və yükdaşıma sektorunda çalışanlar üçün vacib olduğunu vurğulayıb. O, əldə edildiyini bildirdiyi razılaşmanı əhəmiyyətli hadisə kimi qiymətləndirib.

Paylaşımının sonunda Tramp İranın nüvə silahına sahib olmamalı olduğunu bir daha bəyan edib.