"Ukrayna ilə nadir metallar üzrə saziş gələn həftə imzalanacaq" | Banco.az

"Ukrayna ilə nadir metallar üzrə saziş gələn həftə imzalanacaq"

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Donald Tramp gələn cümə axşamı Ukrayna ilə nadir metallar sazişi imzalayacaqlarını açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ Prezidenti Tramp İtaliya Baş naziri Corcia Melonini Ağ Evdə qəbul etdiyi görüşdə Rusiya-Ukrayna müharibəsinə dair son vəziyyəti qiymətləndirib.

Tramp Kiyev ilə nadir metallar üzrə razılaşmanın son mərhələyə çatdığını bildirərək deyib: "Mineral razılaşmamız var, düşünürəm ki, gələn cümə axşamı imzalanacaq. Ukraynanın bu razılaşmaya əməl edəcəyini düşünürük, bunu görəcəyik. Amma bu mövzuda bir razılaşmamız mövcuddur."

Tramp Moskvada Rusiya tərəfi ilə apardıqları danışıqlara da toxunaraq bu həftə ərzində Moskvadan xəbər alacaqlarını qeyd edib.

ABŞ Prezidenti müharibəyə hələ də Ukrayna Prezidenti Volodimir Zelenskiyin məsul olub-olmaması ilə bağlı suala belə cavab verib: “(Müharibədən) Zelenski məsuldurmu, bilmirəm, amma bu müharibə heç başlamamalı idi. Zelenskiyə günah yükləmirəm, lakin çox da yaxşı iş gördüyünü deyə bilmərəm. Onun pərəstişkarı deyiləm.”

Müharibənin başlanmasına görə keçmiş ABŞ Prezidenti Co Baydeni günahlandıran Tramp artıq bu müharibəyə son qoyulmalı olduğunu və özü bu istiqamətdə çalışdığını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram