Türkiyənin enerji şirkəti Bakı Fond Birjasında İPO-ya çıxa bilər | Banco.az

Türkiyənin enerji şirkəti Bakı Fond Birjasında İPO-ya çıxa bilər

Bakı Fond Birjasında (BFB) Türkiyənin "NP Petrol" şirkətinin səhmlərinin ilkin kütləvi təklif (İPO) yolu ilə yerləşdirilməsi məsələsi müzakirə olunub.

BFB xəbər verir ki, birjada Türkiyənin aparıcı investisiya şirkətlərindən biri olan "Global Menkul Değerler" A.Ş. və onun müştərisi olan "NP Petrol" şirkətinin rəhbərliyi ilə görüş keçirilib.

Görüşün əsas mövzusu "NP Petrol"un səhmlərinin BFB-də İPO vasitəsilə yerləşdirilməsi perspektivləri olub.

Səfər çərçivəsində şirkətin nümayəndə heyəti BFB-nin rəhbərliyi və listinq komandası ilə Azərbaycan kapital bazarı qanunvericiliyinə uyğun listinq prosesi, tənzimləyici tələblər və İPO mexanizmi ilə bağlı ətraflı müzakirələr aparıb. Tərəflər həmçinin İPO-nun mümkün vaxt qrafikini və strukturunu nəzərdən keçiriblər.

Görüş zamanı BFB ilə "NP Petrol" arasında Listinq Məsləhət Proqramı (LMP) üzrə müqavilə də imzalanıb.

Nümayəndə heyəti səfər çərçivəsində yerli kapital bazarında fəaliyyət göstərən bir sıra investisiya şirkətləri ilə də görüşüb. Həmin görüşlərdə potensial anderraytinq imkanları, yerli kapital bazarının strukturu, investor marağı və bazar təcrübəsi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "NP Petrol" Naxçıvan Muxtar Respublikasının 9 rayonunda yanacaqdoldurma məntəqələri şəbəkəsini idarə edir və regionun yanacaq təchizatı bazarının əsas iştirakçılarından hesab olunur.

report