Trampın yenidən prezident seçilməsi Almaniya iqtisadiyyatına mənfi təsir göstərə bilər | Banco.az

Trampın yenidən prezident seçilməsi Almaniya iqtisadiyyatına mənfi təsir göstərə bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya İqtisadiyyat İnstitutu: Tramp seçilərsə, ÜDM 1,2% azala bilər.

Banco.az xəbər verir ki, Almaniya İqtisadiyyat İnstitutu (IW) ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən prezident seçilməsinin ixracyönümlü Almaniya iqtisadiyyatının artımını əhəmiyyətli dərəcədə ləngidə biləcəyini bildirib.

Alman İqtisadiyyat İnstitutu iqtisadiyyatla əlaqədar "Tramp yenidən seçilsə nə olacaq?" adlı təhlilini dərc edib.

Təhlildə deyilir ki, Trampın “2024-cü ilin noyabrında yenidən ABŞ prezidenti seçilməsi” və “ABŞ-ın ticarət kəsirini azaltmaq üçün tarifləri artırmaq öhdəliyini yerinə yetirməsi” qlobal ticarət nizamında ciddi təlatümlərə səbəb ola bilər.

IW iqtisadçıları iddia edirlər ki, birinci ssenaridə ABŞ tarifləri 2025-ci ildə ABŞ-ın bütün idxalı üçün 10 faiz, ABŞ-ın Çindən idxalı üçün isə 60 faizə çatdırılacaq. İkinci ssenaridə isə Çinin ABŞ idxalına 40 faizlik tarif artımı ilə cavab verməsi nəzərdə tutulur.

Trampın ABŞ-ın ticarət kəsirini azaltmaq üçün gömrük tariflərini artırması halında Almaniya məhsullarının ixracının zəifləyəcəyi vurğulanan təhlildə 2025-ci ildən başlayaraq yeni ticarət və gömrük mübahisələrinin olmadığı fərz edilən əsas ssenariyə görə, Almaniyanın ümumi daxili məhsulunun (ÜDM) 2028-ci ildə 1,2 faiz aşağı ola biləcəyi bildirilib.

Qeyd olunub ki, ölkənin sabit qiymətlərlə hesablanan ÜDM itkiləri 4 il ərzində birinci ssenari üzrə 120 milyard avro, ikinci ssenari üzrə isə 150 ​​milyard avro təşkil edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram