Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ prezidenti Donald Tramp Rusiyanın yenidən G7-yə qəbul edilməli olduğunu və bunu çox istədiyini bildirib.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirdiyi imza mərasimində Rusiya ilə bağlı mövzuları dəyərləndirib.
Tramp Rusiyanın Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, İngiltərə və ABŞ-dan ibarət olan G7-yə yenidən qəbul edilməli olduğunu söyləyib.
Rusiyanın Krımı ilhaq etməsindən sonra, həmin dövrdə ABŞ prezidenti olan Barak Obama tərəfindən Rusiyanın G7-dən çıxarılmasını "səhv" hesab etdiyini bildirən Tramp, "Onları geri qaytarmaq istərdim. Düşünürəm ki, onları çıxarmaq bir səhv idi. Məsələ Rusiyanı sevmək və ya sevməmək deyil, söhbət G8-dən gedir", deyə bildirib.
Rusiya Prezidenti Vladimir Putinin də danışıqlar masasında olmaq istədiyini düşündüyünü qeyd edən Tramp, "Çox güman ki, G8 mövcud olsaydı, Ukrayna ilə bu problem yaşanmazdı və əgər mən prezident olsaydım, Rusiya heç vaxt Ukraynaya hücum etməzdi", deyə vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!