Tətbiq edilən 25% rüsum bütün dünyada avtomobil istehsalını azaldacaq | Banco.az

Tətbiq edilən 25% rüsum bütün dünyada avtomobil istehsalını azaldacaq

ABŞ-da avtomobil idxalına əlavə 25% tariflərin tətbiqi 2025-ci ildə qlobal avtomobil istehsalının əvvəlki illə müqayisədə 2% azalmasına səbəb ola bilər.

Banco.az xəbər verir ki, bu məlumatı Yaponiyanın aparıcı iqtisadi qəzeti Nikkei verib.

Nəşrin məlumatına görə, avtomobil istehsalı 2025-ci ildə Aİ-də 3%, Cənubi Koreya və Yaponiyada 2%, Şimali Amerikada isə 9% azala bilər.

İndiyədək ABŞ-da hər il təxminən 16 milyon avtomobil satılırdı. Çindən sonra ikinci ən böyük avtomobil bazarıdır. Eyni zamanda, Nikkei-nin qeyd etdiyi kimi, ABŞ-da satılan yeni avtomobillərin təxminən 50%-i idxal məhsullarıdır.

Aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkə və ərazidən gələn mallara gömrük rüsumlarının artırılmasını elan edib. 10%-lik universal tariflər aprelin 5-dən, ayrı-ayrı ölkələr üçün fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib.Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal olunan avtomobillərə 25%-lik gömrük rüsumları tətbiq edib.