“Tariflər qlobal ÜDM proqnozunu 2,7 faizə endirib” | Banco.az

“Tariflər qlobal ÜDM proqnozunu 2,7 faizə endirib”

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Bloomberg Economics”ə görə, tariflər qlobal artıma mənfi təsir göstərəcək.

Banco.az xəbər verir ki, “Bloomberg” Trampın tariflərini ABŞ üçün böyük bir vergi artımı adlandıraraq, 2025-ci il üçün ABŞ iqtisadi artım proqnozunu 2,1 faizdən 1,3 faizə endirib.

Dünyanın ən böyük iki iqtisadiyyatından biri olan və hal-hazırda 100 faizdən yuxarı tariflərlə qarşılaşan Çin üçün isə “Bloomberg” 2025-ci il üzrə 4,5 faiz olan artım proqnozunu 4,2 faizə endirib.

Qlobal iqtisadi artım proqnozları aşağı düşür

Qlobal iqtisadi artımla bağlı olaraq “Bloomberg” tariflər və ticarət müharibəsi gözləntilərinin ardından 2025-ci il üzrə ÜDM proqnozunu 3,1 faizdən 2,7 faizə endirdiyini bildirib. “Bloomberg”in 2025-ci il üçün proqnozu, 2024-cü ildəki 3,2 faiz və Covid-19-dan əvvəlki dövrdəki 3,4 faizlə müqayisədə daha aşağıdır. Şirkət 2026-cı ildə isə qlobal iqtisadi artımın 2,8 faizlə daha aşağı olacağını proqnozlaşdırır.

“Bloomberg”in hesablamalarına görə, 2027-ci ilin sonuna qədər qlobal iqtisadiyyat təxminən 2 trilyon dollar zərər görə bilər.

Digər tərəfdən, ölkələrin tarif siyasətləri və bu ticarət müharibəsinin nə vaxt başa çatacağı ilə bağlı qeyri-müəyyənliklər Bloomberg Economics-in proqnozları ətrafında səhv payını artırır.

Yəni, əgər dünya ticarəti üçün müsbət inkişaflar baş verər və ölkələr tarif siyasətlərində yumşalma yoluna gedərlərsə, reallaşacaq artım göstəriciləri proqnozlardan daha pozitiv ola bilər. Əgər əksinə, mənfi bir istiqamət alınarsa, bu zaman proqnozlardan daha aşağı artım göstəriciləri də müşahidə oluna bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram