Müəllif: Tamara Mustafayeva, Banco.az
“Stellantis”in 2024-cü ildə xalis mənfəəti 5,5 milyard avro təşkil edib.
Banco.az xəbər verir ki, şirkətin verdiyi açıqlamaya görə, “Stellantis” 2024-cü ilin sentyabrında elan etdiyi maliyyə təlimatına uyğun olaraq ili 8,6 milyard avro düzəliş edilmiş fəaliyyət gəliri ilə tamamlayıb. Şirkətin sənaye likvidliyi 49,5 milyard avro, sənaye üzrə xalis maliyyə mövqeyi isə 15,1 milyard avro olaraq qeydə alınıb. “Stellantis” 2024-cü ili 5,5 milyard avro xalis mənfəətlə başa vurub.
Səhmdarların təsdiqinə təqdim edilmək üçün hər bir səhm üçün 0,68 avro divident təklif edilib. Bu, təxminən 5% gəlirliyə uyğun gəlir. 2025-ci il maliyyə proqnozları çərçivəsində "müsbət" xalis gəlir artımı, "orta birrəqəmli" düzəldilmiş fəaliyyət gəlirliyi marjası və "müsbət" sənaye üzrə sərbəst pul axını hədəflənir.
“Stellantis”in yeni baş icraçı direktorunun (CEO) təyin edilməsi prosesi davam edir və bu prosesin 2025-ci ilin birinci yarısında tamamlanması gözlənilir. Şirkət bu müddətdə fəaliyyətlərinə diqqət yetirərək STLA Medium və STLA Large platformalarına əsaslanan ilk modellərin 2024-cü ildə bazara çıxarılması ilə yeni nəsil məhsul keçidinə başlayıb. Bundan əlavə, Citroën C3/e-C3-ün Avropada satışa çıxarılması ilə Smart Car platformasının qlobal miqyasda geniş yayılması üçün mühüm addımlar atılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!