Müəllif - Eldar Kərimov - Banco.az
Cənub-Şərqi Asiyanın ən böyük bankı "DBS Group Holdings Ltd." süni intellekt texnologiyalarının əvvəllər insanlar tərəfindən yerinə yetirilən vəzifələri getdikcə daha yaxşı icra etməsi səbəbindən üç il ərzində təxminən 4 min işçini ixtisar etməyi planlaşdırır.
Bankın baş icraçı direktoru Piyuş Qupta bu planları Hindistanın "Press Trust of India" nəşrinə təsdiqləyib və qeyd edib ki, ixtisarlar müvəqqəti işçiləri və müqavilə əsasında çalışanları əhatə edəcək, daimi personala təsir etməyəcək.
"DBS"in işçi heyəti təxminən 41 min nəfərdən ibarətdir.
Daha əvvəl "Bloomberg Intelligence" analitikləri yazmışdı ki, yaxın 3-5 il ərzində dünya bankları süni intellektin tətbiqi səbəbindən 200 minə qədər iş yerini ixtisar edə bilər. Eyni zamanda, "JPMorgan Chase"də süni intellekt üzrə məsul şəxs Tereza Haysenreter qeyd edib ki, hələlik bu texnologiyanın tətbiqi bankın işçi heyətini yalnız genişləndirir.