Müəllif - Fərid İslamov - Banco.az
Britaniya-Niderland şirkəti Shell yeni strategiyasında kapital qoyuluşu intizamına böyük diqqət yetirməyi və onları aşağı gəlirli sahələrə yönləndirməyi azaltmağı planlaşdırır, bunu şirkətin baş direktoru Vael Savan investorlar günündə bildirib.
Onun sözlərinə görə, aşağı karbonlu enerji və aşağı karbonlu həllərə edilən investisiyalar müvafiq olaraq 15 milyard dollar və 5 milyard dollar təşkil edib, lakin ötən il bu biznes sahələrinə yatırılan sərmayələrin rentabelliyi mənfi olub. Buna görə də, şirkət bu vəziyyəti dəyişdirmək üçün bu sahələrə investisiyaları ümumi investisiyaların 10%-dən az hissəsinə qədər məhdudlaşdırmağı planlaşdırır. Yalnız ən yüksək gəlirliliyə malik layihələr davam etdiriləcək.
Shell rəhbəri qeyd edib ki, elektrik enerjisi istehsalı ən çox dekarbonizasiya olunan sahə olaraq qalır və şirkət bu biznesin rentabelliyini 2024-cü ildəki 3%-dən 2030-cu ilə qədər 10%-ə qədər artırmağı hədəfləyir. Bu isə “infrastrukturdan əldə edilən gəlirliliyi dəstəkləyən aktivlərə portfelin dəyişdirilməsi ilə” həyata keçiriləcək.
“Bu o deməkdir ki, biz qaz elektrik stansiyaları, geniş miqyaslı enerji yığıcıları və rəqəmsal texnologiyalar kimi çevik generasiyaya investisiyalara üstünlük verəcəyik”, - deyə Savan bildirib.