Müəllif: Gülnar Əhmədli, Banco.az
Kartdan-karta köçürmələr artıdığı üçün vətədaşlar bəzən vəsaitlərini köçürən zaman kart nömrəsini səhv yazırlar. Bu zaman nə edəcəklərini bilmirlər. Çünki 1 rəqəm səhv olsa belə, göndərilən şəxsi tapmaq olmur.
Bu halda nə etmək lazımdır?
İqtisadçı Əkrəm Həsənov mövzu ilə bağlı Banco.az-a bildirib ki, vətəndaş kart nömrəsini səhv yazdığı üçün pul başqa şəxsin kartına köçürülür:
"Lakin vətəndaş həmin şəxsin kim olduğunu bilmir. Bu halda vətəndaş öz bankına müraciət edir. Onun bankı, yaxud vətəndaş özü birbaşa vəsaitin getdiyi banka da müraciət edə bilər. Çünki bank kodu və kart nömrəsi vasitəsilə müəyyən etmək olur ki, vəsait hansı bankın müştərisinə göndərilib.
Ya göndərənin bankı rəsmi qaydada müraciət edir, ya da vətəndaş özü həmin banka müraciət edir ki, mənim kartımdan sizin bankın müştərisinin kartına səhvən pul köçürülüb, xahiş edirəm geri qaytarılsın. Həmin bank da öz növbəsində pulu alan müştəriyə müraciət edir və bildirir ki, belə bir hal baş verib, vəsait səhv köçürülüb və geri qaytarılmalıdır.
Əgər alan şəxs razılıq versə, vəsait geri qaytarılır. Lakin ola bilər ki, alan şəxs razılaşmasın və pulu qaytarmasın. Bu halda pulu səhvən göndərən şəxs məhkəməyə müraciət etməlidir".
Ə. Həsənov qeyd edib ki, burada vacib bir məqam da var: "Göndərən şəxs alanı birbaşa tanımır və onun adını bilmir. Bank sirri səbəbindən alanın bankı da həmin şəxsin adını və digər məlumatlarını vətəndaşa açıqlaya bilməz. Buna görə vətəndaş məcbur qalır ki, alanın bankını məhkəməyə versin.
Artıq məhkəmə prosesində həmin bank müştərinin kimliyini açıqlayır. Əgər alan şəxs sübut edə bilsə ki, vəsait ona səhvən göndərilməyib onda qaytarmır, əgər sübut edə bilməsə, məhkəmə qərarı ilə vəsait geri qaytarılmalıdır".
.jpg)
Bizi sosial şəbəkələrdən izləyin!!
