Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalarına ilk dəfə Çin şirkətlərini də daxil edib.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində ilk dəfə olaraq çinli şirkətləri bu siyahıya daxil edib.
Avropa İttifaqına üzv 27 ölkənin səfirləri Rusiyaya qarşı 13-cü sanksiyalar paketi ilə bağlı prinsipial razılıq əldə ediblər.
Materik Çində qeydiyyatda olan “Guangzhou Ausay Technology”, “Shenzhen Biguang Trading” və “Yilufa Electronics”, Honkonq Xüsusi İnzibati Bölgəsində qeydiyyatda olan “RG Solutions” şirkətləri müharibədə Rusiyaya hərbi dəstək verə biləcək işgüzar əlaqələrə görə sanksiya siyahısına daxil edilib.
İddia olunur ki, şirkətlər rusiyalı alıcılara Avropada istehsal olunan ikili hərbi və mülki təyinatlı məhsullara çıxış əldə etməyə köməklik və vasitəçilik ediblər.
Hələ ki, təfərrüatları açıqlanmayan sanksiyalar paketinin müharibənin başlamasının ikinci ildönümündə, fevralın 24-də təsdiqlənməsi gözlənilir.
Xatırladaq ki, Aİ indiyədək Rusiyaya qarşı 12 sanksiya paketi həyata keçirib. Rusiyaya qarşı sanksiyalar ticarət, maliyyə, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli mallar daxil olmaqla geniş sahələri əhatə edir.
Bizi sosial şəbəkələrdən izləyin!!