Müəllif:Mehin Qasımova,Banco.az
Rusiya Maliyyə Nazirliyi neft qiymətlərinin aşağı düşməsi və rublun xarici valyutalara qarşı möhkəmlənməsinin ölkənin enerji ixracından əldə etdiyi gəlirlərə mənfi təsir göstərdiyini açıqlayıb.
Banco.az xəbər verir ki, Nazirliyin yaydığı bəyanatda qeyd olunub ki, neft və qazdan əldə olunan gəlirlər 2025-ci ildə ötən illə müqayisədə 24 faiz azalaraq 8,5 trilyon rubla (təxminən 108,2 milyard dollar) enəcək. Bildirilib ki, xüsusilə ötən ay bu kateqoriya üzrə gəlir itkisi gözləniləndən daha yüksək olub.
Qərb ölkələrinin Rusiyanın neft və qaz sektoruna qarşı tətbiq etdiyi genişmiqyaslı sanksiyalara baxmayaraq, Moskva enerji ixracında alternativ bazarlar tapmağa çalışır. Rusiya xüsusilə Asiya bazarlarında mövqelərini gücləndirməklə ixrac həcmini qorumağı hədəfləyir.
Xatırladaq ki, G7 və Avropa Birliyi ölkələri Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalına qadağa qoyub və eyni zamanda qiymət həddi mexanizmi tətbiq ediblər. Bir barel üçün 60 dollar səviyyəsində müəyyən edilən bu qiymət həddi 5 dekabr 2022-ci ildən qüvvəyə minib.
Bu mexanizmə əsasən, Rusiya nefti üçüncü ölkələrə müəyyən edilmiş qiymət həddindən yuxarı satılarsa, G7 və Aİ ölkələrində yerləşən şirkətlər həmin neft üçün nəqliyyat, sığorta və brokerlik kimi xidmətlər göstərə bilməz. Bu xidmətlərdən istifadə yalnız neftin qiymət həddindən aşağı satılması halında mümkündür.
Məlumata görə, qiymət həddi 2025-ci ilin iyul ayında daha da endirilərək bir barel üçün 47,6 dollar səviyyəsinə salınıb. Ekspertlər hesab edirlər ki, bu qərar Rusiyanın enerji gəlirlərinə əlavə təzyiq yaradacaq və ölkənin büdcə balansına təsirsiz ötüşməyəcək.
