Müəllif:Mehin Qasımova,Banco.az
Rusiyanın federal büdcə kəsiri artmaqda davam edir.
Banco.az xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə, oktyabr ayında kəsir daha 400 milyard rubl artaraq ilin əvvəlindən 4,2 trilyon rubla çatıb. Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 1,9 faizinə bərabərdir.
Məlumata əsasən, 2025-ci ilin on ayı ərzində yalnız üç ayda — mart, avqust və sentyabrda — büdcə profisiti qeydə alınıb.
Yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 29,9 trilyon rubl, xərcləri isə 34,1 trilyon rubl təşkil edib. Gəlirlər 0,8% artıb, bu artım əsasən qeyri-neft və qaz gəlirlərinin 11,3% artaraq 22,4 trilyon rubla çatması ilə əlaqələndirilir. Eyni zamanda, neft-qaz gəlirləri 21,4% azalaraq 7,5 trilyon rubla düşüb, ümumi büdcə xərcləri isə 15,4% artıb.
Rəsmi proqnozlara əsasən, 2025-ci ilin yekununda büdcə kəsiri ÜDM-in 2,6%-nə qədər yüksələcək. Bu, 3,79 trilyon rubldan 5,74 trilyon rubla qədər artım deməkdir.
Maliyyə naziri Anton Siluanov bildirib ki, büdcə göstəricilərinə edilən düzəlişlər makroiqtisadi proqnozların dəqiqləşdirilməsi və müdafiə-təhlükəsizlik xərclərinin artması ilə bağlıdır.
Xatırladaq ki, ilin əvvəlində Maliyyə Nazirliyi kəsir proqnozunu ÜDM-in 0,5%-dən 1,7%-ə qaldırmışdı.
